Noyabrın 18-də Ankarada Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin və “Yerli Düşüncə” dərnəyinin birgə təşkilatçılığı ilə “Xüsusi kəşfiyyatçı İbad” filminin qalası keçirildi. Film Qarabağ müharibəsində xüsusi təyinatlı dəstənin komandiri olmuş, “Azərbaycan bayrağı” ordeninə layiq görülmüş İbad Hüseynov haqqındadır.
Tədbirdə Türkiyə Prezidentinin baş müşaviri, “Yerli Düşüncə” dərnəyinin fəxri sədri Yalçın Topçu, dərnəyin baş katibi, millət vəkili Mətin Gündoğdu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiləri, Azərbaycandan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, filmin ssenari müəllifi Vüsal Nuru, rejissorlar Natiq Novruzov, Elman Telmanoğlu, baş rolun ifaçısı Elçin Məmmədli, media nümayəndələri iştirak edirdi.
Tədbirdə çıxış edən Yalçın Topçu ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq Türkiyə-Azərbaycan qardaşlığından danışdı: “Türk dünyasının əkiz qardaşlarının adı Azərbaycan-Türkiyədir. Bu çərçivədə mövcud əlaqələrimiz hər il daha irəliyə gedir və bunu bütün dünya görür”.
Mətin Gündoğdu film barədə söz açaraq təqdimatdan sonra onu Türkiyədə ekranlarda göstərmək istədiklərini dilə gətirdi.
İbad Hüseynov filmi ərsəyə gətirən hər kəsə öz minnətdarlığını bildirdi.
Filmin nümayişi böyük maraqla qarşılandı.
Təqdimatdan sonra yaradıcı heyət üzvlərinə mükafatlar təqdim olundu.
Noyabrın 19-da isə Türkiyə Milli Kitabxanasında “Türk dünyasının qəhrəman əsgəri İbad” layihəsi çərçivəsində “Xüsusi kəşfiyyatçı İbad” filminə həsr edilmiş konfrans keçirildi. Tədbirdə Yalçın Topçu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları iştirak edirdi.
Filmin rejissoru Natiq Novruzov ekran əsərini "Bir millət iki dövlət" düşüncəsiylə çəkdiklərini vurğulayaraq, göstərilən dəstəyə görə Y.Topçuya təşəkkür etdi.
Ssenarist Vüsal Nuru Qarabağ müharibəsini şəxsən yaşadığını deyərək filmin qəhrəmanının döyüş yolundan bəhs etdi. Tarixçi Rizvan Hüseynov da filmdəki tarixi məqamlara toxundu.

Mehparə Sultanova
Ankara