IV Bakı Beynəlxalq Teatr Konfransı iştirakçılarının ürək sözləri

“Bizim nümayəndə heyəti IV Bakı Beynəlxalq Teatr Konfransı kimi mühüm tədbirdə iştirak etməyə şaddır. Belə forumlar teatr mühitində multikulturalizmin inkişafına və möhkəmlənməsinə kömək edir. Sevindirici haldır ki, Azərbaycan multikulturalizmin inkişafında təşəbbüskarlıq göstərir”.
Bu sözləri konfransda iştirak edən Cənubi Qazaxıstan Vilayət Özbək Dram Teatrının direktoru İkram Haşimjanov deyib. O, bildirib ki, Cənubi Qazaxıstan vilayətində artıq 13 ildir ki, Özbək Dram Teatrının fəaliyyət göstərməsi də multikulturalizmə əyani nümunədir.
* * *
“IV Bakı Beynəlxalq Teatr Konfransında müasir teatrın aktual problemləri müzakirə edilir. Yüksək səviyyədə təşkil edilən tədbir dünyanın müxtəlif ölkələrindən teatr mütəxəssislərinin təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıyır”.
Tokio İncəsənət Universitetinin Ali Musiqi Məktəbinin əməkdaşı Yuko Nobe jurnalistlərə müsahibəsində belə deyib.
O bildirib ki, konfransın “Multikulturalizm və teatr” mövzusuna həsr olunması insanların tolerantlıq mühitində yaşaması naminə atılan daha bir addımdır.
Bakıya ilk dəfə gəldiyini söyləyən Yuko Nobe şəhərin və insanların ona xoş təsir bağışladığını bildirib.
* * *
“Bakı Beynəlxalq Teatr Konfransında ilk dəfə iştirak edirəm. Çox şadam ki, bəxtimə belə bir imkan düşüb. Əminəm ki, konfransın işi məhsuldar olacaq. Başqa ölkələrin teatr xadimləri ilə tanış olmaq, aktual məsələləri müzakirə etmək və təcrübə mübadiləsi aparmaq imkanına görə tədbirin təşkilatçılarına öz minnətdarlığımı bildirmək istərdim”.
Bu sözləri isə A.P.Çexov adına Moskva Bədaye Teatrının bədii rəhbərinin köməkçisi Pavel Rudnev deyib.
Qonaq bildirib ki, Azərbaycan Dövlət Rus Dram Teatrının bir tamaşasına baxıb və aktyorların ustalığını yüksək qiymətləndirib.