Layihə üzrə müsabiqənin yekun sərgisi açılıb

Xətai Sənət Mərkəzində Azərbaycan Reklamçılar İttifaqı (ARİ) İctimai Birliyinin “Vətənpərvərlik mövzusunu özündə əks etdirən sosial reklamların və reklam konstruksiyalarının dizaynının hazırlanması, respublika ərazisində yerləşdiriləcəyi yerlərin müəyyənləşdirilməsi” layihəsinin sərgisi keçirilib.
ARİ-nin idarə heyətinin sədri Hacı Əmi Atakişiyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşən layihə barədə məlumat verib. Üç ay ərzində müsabiqəyə uyğun olan 68 iş qəbul edilib. İşlər münsiflər heyəti tərəfindən dəyərləndirilərək seçilib. Bu plakatların respublikanın bütün bölgələrində yerləşdirilməsi planlaşdırılır.
Xalq rəssamı Arif Hüseynov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev, Müdafiə Nazirliyinin nümayəndəsi Emin Səfərov, QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşı Mirzə Zahidov, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov, “Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması” İctimai Birliyinin sədri Şamil Sabiroğlu və başqaları layihənin əhəmiyyətindən danışıb, vətənpərvərlik hissinin artırılmasında bu mövzuda hazırlanan plakatların böyük rolunu qeyd ediblər.
Sonra münsiflər heyətinin qərarına əsasən müsabiqənin qalibləri mükafatlandırılıblar. ADRA-nın tələbəsi Emin Aslanov birinci, plakatçı-rəssam Ağadadaş Qasımov ikinci, rəssam Haşım Haşımov üçüncü yerə, plakatçı-dizayner Balağa Məmmədov isə xüsusi mükafata layiq görülüblər. Layihədə iştirak edən bir qrup rəssam, dizayner və plakatçılara sertifikat, layihənin həyata keçməsində yardımçı olan mütəxəssislərə isə diplomlar verilib.