Eycahanlıqda pırıl-pırıl pıçıldayaraq, tədbirlərdə qürrələnərək, döyüşlərdə hayqıraraq...

BAYRAQ... Hər bir millətin ümummədəniyyətinin, ideologiyasının, dilinin, dini-mənəvi əxlaqının, bir sözlə, milli kimliyinin ən əsas üç ifadəsindən biri. Elə bir ümummilli rəmz ki, hər bir millət onun - istər sükutunda, istər dalğalanmasında - öz varolmasını görür, ötənəklərini gələnəklərinə qoşmaq YOLunu müəyyənləşdirir. Bu “maddi” varlıq hər hansı bir dövləti, ölkəni, vətəni təmsil edən millətin siyasi-mədəni-mənəvi varlıq fəlsəfəsi!..

Xatırlayaq;

Milli istiqlalımızın ilk aylarında Türkiyə və Azərbaycan dövlətlərinin eyni bayrağı daşıması Azərbaycan Cümhuriyyəti üzərində ciddi təzyiq və siyasi eyhamlara səbəb olmuşdu; antitürk qüvvələr bizi “Türkiyənin bir hissəsi” olmaqda ittiham edir, suverenliyimiz üzərinə siyasi kölgələr salmaqda bəzi “əsas”lara dayanmağa cəhd göstərirdilər. Bütün bunlara rəğmən, Azərbaycan Cümhuriyyətinin qurucuları sözügedən dövlətçilik atributunu yenisi ilə - üçrəngli bayraqla əvəz etməli oldular. Bunu da vurğulayaq ki, Cümhuriyyətin yeni bayrağı özündən əvvəlkini inkar etmir, əksinə, onu mənəvi-ideoloji mənada tamamlayır, türklük və islamlığı ifadə edən göy və yaşıl rənglərin al-qırmızı boya və ayparalı səkkizguşəli ulduzla çulğaşması daha universal-areal mahiyyət, yüksək mənəvi-ideoloji dəyər kəsb edirdi.
Üçrəngli bayrağımızın ideya müəllifi - böyük Türk-Turan ideoloqu Əli bəy Hüseynzadə yazırdı: “Müsəlmanız və dünyanın hər nərəsində xeyirxahı bulunduğumuz din qardaşlarımız tərəqqi etsə, biz bunu əz canü-dil alqışlarız!”.
Bu, Ə.Hüseynzadənin dünya müsəlmanları və türklərinə bir perspektiv mesajı idi. Belə ki, həmin etno-dini təmsilatlı ölkələrin milli ruhlu ziyalıları islamçılıq və türkçülüklə yanaşı, sözügedən ideyanın mahiyyətini genişləndirib-möhkəmləndirəsi müsbət Avropa dəyərlərini də təbliğ etməlidir. Bu çağrının avropalıları “təqlid etmək” kimi səslənməsindən ehtiyat edən mütəfəkkir əlavə edirdi ki, bizlərin tamamilə (ağına-bozuna baxmadan) “irtidad edib firəngləşməyimiz” türk-müsəlman dünyasından daha çox o əcnəbilərin “öz tərəqqisi demək olardı!..”
Dövlətçiliyimizin üç əsas atributundan biri olan bayrağımızın ideya və bərqərar banilərinin onun rəngləri və digər elementlərilə bağlı söz-çözlərində ifadə fərqləri olsa da, məna-mahiyyət eyni idi. Cümhuriyyətin qurucusu M.Ə.Rəsulzadəyə görə “Bu bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvolu” idi. Digər atributun - dövlət himninin musiqi müəllifi Ü.Hacıbəyovun təbirincə “Bayrağımızdakı üç rəng - sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılmış Azərbaycan Respublikasında yeni cəmiyyət formalaşdırmaq, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışmaq elementlərini özündə əks etdirir”. Cümhuriyyətin ilk baş naziri Fətəli xan Xoyski isə öz nitqində ulduz guşələri sayının əski əlifba ilə “Azərbaycan” sözünə işarə olduğunu bildirib.
M.Ə.Rəsulzadə Parlamentin ilk iclasındakı çıxışında bu bayrağın siyasi-ideoloji mənasını belə izah edirdi: “Müstəqil Azərbaycanı təmsil edən üçboyalı bayrağı Milli Şura qaldırmış! Türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı-əhraranəsini (özgürlüksevərliyini) təmsil edən bu üçboyalı bayraq daima başımız üstündə ehtizaz edəcəkdir. Artıq siyasətən hamımızı birləşdirmiş və bir kərə qaldırılmış bu bayraq bir daha enməyəcəkdir!”.
Bir daha enməyəsi, ilk olaraq 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən, son olaraq 5 fevral 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmiş -

Bu Bayraq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə hər il ölkəmizdə Dövlət Bayrağı Günü olaraq qeyd edilir.
Bəli, 1980-ci illərin sonlarında yetmiş il unutdurulmağa çalışılan Cümhuriyyət bayrağımız milli hərəkatın kütləvi tədbirlərində istifadə olunmağa başlandı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında muxtar respublikanın dövlət bayrağı olaraq təsdiq edildi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti xüsusi qanun qəbul edərək onu Dövlət bayrağı elan etdi. 2007-ci il noyabrın 17-də Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqda sərəncam imzaladı. Paytaxtımızın ən baxımlı nöqtəsində ümumi ərazisi 60 hektar olan meydanda, yeni ifadəylə desək, ölkəmizin Baş Bayrağı ucaldıldı...
Sonda, qısaca olaraq, Azərbaycan düşüncəsindəki bayraq simvolizminin şeiriyyət inikasını da xatırlayaq. “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, əgər uğrunda ölən varsa, vətəndir!” kimi məlum-məşhur misraların ab-havasında böyük Azərbaycan-Türk ziyalısı Cəfər Cabbarlının 1919-cu ildə (20 yaşında!) yazdığı “Azərbaycan bayrağına” şeirindəki fəlsəfi-ideoloji bayraq zirvəsinə ucalaq:

Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək:
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Yürəyində bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın...


Tahir Abbaslı