Müstəqilliyimizin iqtisadi bünövrəsində milli neft strategiyasının rolu

“Mən bu gün Dövlət Neft Fondunun Müşahidə Şurasının birinci iclasını çağırmışam. Fondun yaradılması Azərbaycanın 1994-cü ildən həyata keçirdiyi neft strategiyası nəticəsində mümkün olmuşdur. Biz bu strategiyanı həyata keçirməyə başlayarkən qarşımıza əsas bir məqsəd qoymuşuq: neft-qaz yataqlarının xarici şirkətlərlə işlənilməsini, hasilatı təmin etmək və Azərbaycanın mənafelərinin təmin olmasına yönəltmək. Burada çox məsələlər var. Ancaq birinci yerdə iqtisadiyyatın inkişaf etdirilməsi, sosial problemlərin həll olunması dayanır”.
Prezident Heydər Əliyevin sədrliyi ilə 2002-ci il iyulun 17-də keçirilən Dövlət Neft Fondu Müşahidə Şurasının ilk iclası milli neft strategiyasında yeni mərhələnin başlandığını elan etdi. Ulu öndərin dövlətçilik fəhminin nəticəsi olan “Əsrin müqaviləsi”nin imzalanmasından səkkiz il ötmüş, onun reallaşması yolunda çoxsaylı maneələr aşılmışdı. “Biz bu müqaviləni imzalamaqla Azərbaycan xalqının XXI əsrdə iqtisadiyyatının, rifah halının təmin edilməsi üçün çox məsuliyyətli bir addım atırıq” - 1994-cü ilin 20 sentyabrında bəyan edilən bu sözlərin arxasındakı reallıq artıq göz qabağında idi.
İmzalanmasından üç il sonra müqavilə ilk bəhrəsini verdi. 1997-ci il noyabrın 12-də “Çıraq-1” platformasında hasil edilən neft Bakı-Novorossiysk kəməri ilə nəql olunmağa başlandı. 1999-cu ilin aprelində ikinci xətt - Bakı-Supsa kəməri işə düşdü. İlk neft gəlirləri çətinliklə nəfəs alan dövlət büdcəsi üçün “oksigen yastığı”nı təmin edirdi. İki aydan sonra (2002-ci il 18 sentyabr) əsas ixrac xəttinin - Bakı-Tbilisi-Ceyhan kəmərinin təməli atılacaqdı.

Böyük gəlirlər və səmərəli istifadə

Neft strategiyasının növbəti mərhələsi əldə olunan gəlirlərin səmərəli idarə edilməsindən asılı idi. Bunun üçün xüsusi fondun yaradılması barədə müzakirələr 90-cı illərin sonlarından aparılırdı. “Neft xəstəliyi”nə (“holland sindromu”) tutulmuş ayrı-ayrı ölkələrin acı təcrübəsi göz önündə idi. Vaxtilə Sovet İttifaqında da neft gəlirləri ilbəil büdcəyə axaraq tükənmişdi. ARDNŞ-nin birinci vitse-prezidenti İlham Əliyev müsahibələrində bu problemi xüsusi diqqətə çatdırırdı: “Biz neftdən əldə edilən gəlirlərin 70-ci illərdə SSRİ-də xərcləndiyi kimi axırına çıxmamalıyıq, əksinə, yeni yollar çəkməli, zavodlar tikməli, eyni zamanda bu gəlirləri yeni nəsillərə saxlamalıyıq. Bu məqsədlə mineral-xammal fondu yaratmaq lazımdır. Neft bizim üçün məqsəd deyil, güclü iqtisadiyyat yaratmaq vasitəsidir”. 17 il öncə deyilmiş sözlər dünya bazarında neftin kəskin ucuzlaşması ilə iri neft istehsalçılarının üzləşdiyi böhran fonunda bu gün xüsusilə aktual səslənir. Bizdən qat-qat çox istehsala malik Venesuela, Nigeriya kimi ölkələrdə nələrin yaşandığını diqqətə alsaq, Azərbaycan iqtisadiyyatının iki ildir davam edən ucuz neft qiymətləri dövründə ayaqda qalmasının səbəbini anlayaq bilərik. Bu, zamanında neft gəlirlərinin sənayenin digər sahələrinin inkişafına generasiya edilməsinin nəticəsidir. 2014-cü ilin sonlarından neft gəlirlərinin üç dəfəyədək azalmasına rəğmən 2016-cı ilin 9 ayının yekunlarına görə sənaye potensialı qismən də olsa (0,2 faiz) artıb, qeyri-neft sektorunda artım 3,6 faizdir. Yaxın-uzaq neft ölkələrində bu göstəricilər çoxdan sıfırın altındadır.
Bu yerdə onu da yada salaq ki, Neft Fondu yaradılarkən buna qarşı çıxanlar neft gəlirlərinin bütünlüklə dövlət büdcəsinə daxil edilməsini təklif edirdilər. Bu o kəslər idi ki, hakimiyyətə gələcəkləri təqdirdə neft gəlirlərinin “xalq arasında bərabər paylanacağını” deyirdilər. 2003-cü ilin prezident seçkilərində müxalif liderlərdən birinin təşviqat şüarı hər ailəyə ildə 1 milyon manat (denominasiyadan sonra indiki 200 AZN) neft pulu vermək barədə idi. Onlara elə gəlirdi ki, neft gəlirlərinin ölkə rifahına yönəlməsi əhaliyə pul paylamaqdan ibarətdir.
“Fondun yaranma prosesində müəyyən qüvvələr müxtəlif şayiələri ortaya atırdılar. Biz bu sahədə dünya təcrübəsini ətraflı öyrəndik. Bu işləri həyata keçirərək bir məqsəd güdürdük ki, Fondun istifadə mexanizmi cəmiyyətimiz və hətta dünyada maraqlananlar üçün açıq olsun”, - deyə Prezident Heydər Əliyev bu iddialara cavab olaraq bildirmişdi.
Beləliklə, 1999-cu il dekabrın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun təsis edilməsi barədə fərman verildi. Hazırlıq işləri tamamlandıqdan sonra 29 dekabr 2000-ci il tarixli fərmanla qurumun əsasnaməsi təsdiq edildi və 2001-ci il Neft Fondunun ilk fəaliyyət ili oldu.

Neft strategiyasının yeni üfüqləri və çoxşaxəli iqtisadiyyat

Qarşıda neft strategiyasının davam etdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı layihələr dururdu. Amma bundan öncə çətinlik içində yaşayan qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq lazım idi. Prezident Heydər Əliyevin 2001-ci il 22 avqust tarixli fərmanına əsasən, Neft Fondunun vəsaiti hesabına Goranboy rayonunda ilk qəsəbələr inşa olundu. O vaxtdan başlayaraq hər il neft gəlirlərinin bir qismi bu istiqamətdə xərclənir. Ötən 15 ildə (1 oktyabr 2016 tarixinə) Fonddan ayrılan 1,981 milyard manat vəsaitlə qaçqın və köçkünlər üçün 3 milyon kvadratmetr ümumi mənzil fondu olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfər yeni mənzillərlə təmin olunub, sosial infrastruktur (150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi və s.) yaradılıb.
Ulu öndər Heydər Əliyev tərəfindən Fond qarşısında qoyulan mühüm vəzifə - vəsaitlərin istifadəsində şəffaflığın təmin edilməsi - o gündən bu günə qurumu fərqləndirən əsas cəhətlərdən biridir. İllər üzrə fəaliyyət, hansı layihələrə nə qədər vəsait xərclənməsi barədə məlumatları hər kəs Fondun internet saytından əldə edə bilər.
Beləliklə, Fondun vəsaitlərinin yönəldiyi əsas sahə neft-qaz istehsalı və ixracı ilə bağlıdır. Bu da təbiidir. Neft gəlirləri öz qaynağının daha da genişlənməsinə, istehsal və ixracın artmasına vəsilə olmalıdır. 2002-ci ildə təməli qoyulan Bakı-Tbilisi-Ceyhan kəməri Fondun ilk investisiya layihəsi olub. Layihədə ölkəmizin iştirak payının maliyyələşdirilməsinə 298 milyon manat ayrılıb.
Azərbaycanın neft strategiyasında yeni mərhələ olan “Cənub Qaz Dəhlizi” (“Şahdəniz” layihəsinin ikinci mərhələsində hasil olunacaq qazın ixracı üçün Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərinin inşası) Fondun maliyyələşdirdiyi ən böyük layihələrdəndir. Ölkə başçısının 25 fevral 2014-cü il tarixli sərəncamı ilə təsis edilən “Cənub Qaz Dəhlizi” QSC-nin səhmlərinin 51 faizi dövlət mülkiyyətindədir və 1 oktyabr 2016-cı il tarixinə bu istiqamətdə Fond tərəfindən 887,8 milyon dollar vəsait ayrılıb.
Prezidentin 23 sentyabr 2009-cu il tarixli sərəncamına əsasən inşası nəzərdə tutulan Neft-qaz və neft-kimya kompleksi layihəsinin maliyyələşdirilməsinin 30%-nin səhm kapitalı hesabına aparılması nəzərdə tutulur və bunun 90%-ni Fond təmin edəcək. 2014-cü ildə layihəyə 285 milyon manat yönəldilib.
2011-ci ildə Türkiyədə (İzmir) təməli qoyulan və 10 milyon ton emal gücü nəzərdə tutulan “Star” neft zavoduna xammalı Azərbaycan (SOCAR) tədarük edəcək. Prezidentin 4 fevral 2013-cü il tarixli sərəncamına əsasən bununla bağlı yaradılan səhmdar cəmiyyətin səhmlərinin 40%-nin maliyyələşdirilməsi Neft Fonduna tapşırılıb. 01.07.2016-cı il tarixə qədər layihədə ölkəmizin iştirak payının maliyyələşdirilməsinə 844 milyon dollar vəsait ayrılıb.
Fondun büdcəsinə 2013-cü ildə daxil edilən digər layihə altıncı nəsil yarımbatan qazma qurğusunun tikintisidir. Xəzərin dərin hissələrində neft quyularının qazılmasında belə qurğulara xüsusi ehtiyacı var. Büdcəsi 1,116 milyard dollar təşkil edən layihəyə bu ilin oktyabrınadək 793,7 milyon dollar vəsait ayrılıb.
Neft Fondunun vəsaitinin ayrıldığı ikinci mühüm sahə infrastruktur layihələridir. 2011-ci ildə istifadəyə verilən Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasına 779,6 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına isə 1 oktyabr 2016-cı il tarixinə 1,278 milyard manat sərf olunub.
Ölkəmizin Avropa-Asiya nəqliyyat dəhlizinin əsas qovşağına çevrilməsi baxımından müstəsna önəm kəsb edən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi də böyük ölçüdə Fondun vəsaiti hesabına (yolun Gürcüstan hissəsinin maliyyəsi üçün kredit də daxil olmaqla) reallaşır. İndiyədək bu məqsədlə 620 milyon dollar ayrılıb.

Neftdən qeyri-neft sektoruna

Neft gəlirlərinin ümumi iqtisadi inkişafa generasiyasının prioritet istiqaməti qeyri-neft sektorudur. Bununla bağlı mühüm addımlardan biri Prezidentin 30 mart 2006-cı il tarixli fərmanı ilə yaradılan və 100 milyon dollar ilkin nizamnamə kapitalı Fondun vəsaiti hesabına formalaşan “Azərbaycan İnvestisiya Şirkəti” ASC-dir. Dövlət bu şirkət vasitəsilə özəl biznesin geniş vəsait qoymaqdan çəkindiyi sahələrdə həm şərikli sərmayədar, həm də kreditor qismində çıxış edir. Beləliklə, Neft Fondu ölkənin davamlı iqtisadi inkişafı üçün böyük önəm kəsb edən qeyri-neft sektoruna da təkan verir.
Prezident İlham Əliyev 2016-cı il iyunun 1-də XXIII beynəlxalq “Xəzər neft və qaz” sərgisinin açılışında bu məqamı xüsusi qeyd edərək neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə zəmin yaratdığını vurğulayıb: “Dövlət Neft Fondu dünya miqyasında ən şəffaf neft fondlarından biridir. Biz bu imkanlardan səmərəli istifadə edirik. Neftdən əldə edilən gəlirləri qeyri-neft sektoruna yönəltdik. Bu gün Azərbaycanın ümumi daxili məhsulunda neft amili 30 faizdən bir qədər çoxdur. Aparılan bütün infrastruktur və yenidənqurma işləri bir məqsədi güdür ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli olsun və gələcəkdə, ümumiyyətlə, neftin qiymətindən asılı olmayaq”.
Neft Fondunun ölkənin ümumi iqtisadi inkişafında rolundan söz açarkən sadalanan layihələrlə bərabər təbii ki, hər il dövlət büdcəsinə edilən transfertləri də qeyd etməliyik. 22 il əvvəl Azərbaycanda neft strategiyasının təməli qoyulanda dövlət büdcəsi 300-400 milyon dollar arasında, yəni minimal sosial təminatı ödəməyəcək qədər az idi. Bu gün ölkə büdcə imkanları (hətta son iki ilin ucuz neft qiymətlərinə rəğmən), o cümlədən sosial xərclər və digər göstəriciləri ilə MDB məkanında ön sıralardadır. 2017-ci ildə Fonddan büdcəyə 6,1 milyard manat transfert nəzərdə tutulur. Ötən illərdə neft strategiyasının nailiyyətləri iqtisadi strukturun, ölkənin simasının başdan-başa yenilənməsinə zəmin yaradıb.
Eyni zamanda ucuz neft qiymətləri dövrü bu strategiyaya yenidən baxılmasını zəruri edir. Neft Fondunun vəsaitləri bundan sonra yalnız ən vacib layihələrə ayrılacaq. 2017-ci ildə Fondun gəlirlərinin cari illə müqayisədə 2,4 dəfə artması, xərclərin 34,6 % azalması nəzərdə tutulur. “Azərbaycanın neft-qazdan asılılığı azaltmaq məqsədilə iqtisadiyyatını şaxələndirmək üçün güclü bazası var. Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 5 dəfə artıb, ölkədə bütün infrastruktur yenilənib”, - deyə Fondun icraçı direktoru Şahmar Mövsümov bildirir.
Yeri gəlmişkən, bu ilin 9 ayında Fondun aktivləri 6,7 faiz artaraq 35,822 milyard dollara bərabər olub. Qarşıdakı illərdə ölkənin iqtisadi yükünün əsas ağırlığını qeyri-neft sektoru çəkməlidir. Neft Fondu təkcə indiki nəslin deyil, gələcək nəsillərin də rifahına xidmət etməlidir.

Vüqar Əliyev

Yazı Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycanın müstəqilliyinin iqtisadi bünövrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar