“Türk dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimi dekabrın 2-də keçiriləcək

Məlum olduğu kimi, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhəri 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. TÜRKSOY-un bu layihəsi 2012-ci ildən həyata keçirilir. Şəki “paytaxt” estafetini ötən ilin sonunda Türkmənistanın Mərv (Marı) şəhərindən qəbul edib. İl ərzində Şəki müxtəlif tədbirlər, o cümlədən beynəlxalq festivallarla yadda qaldı. Artıq qədim şəhər paytaxt missiyasını türk dünyasının başqa bir şəhərinə verməyə hazırlaşır. TÜRKSOY-un baş katibi Düsen Kaseinov ilə söhbətimiz də bu barədə oldu.

- Düsen bəy, TÜRKSOY-un layihəsi olan daha bir “Mədəniyyət paytaxtı” ilinin sonuna yaxınlaşırıq. Şəki bu missiyanın öhdəsindən necə gəldi?
- Öncə deyim ki, biz hələ “Mədəniyyət paytaxtı” layihəsindən əvvəl Şəkidə bir neçə tədbir keçirdik ki, bu şəhərdə yaşayan insanların, şəhər rəhbərliyinin belə layihələrə münasibətini öyrənək: tədbirlər keçirmək üçün hansı imkanlar var, bura gələn insanlar üçün cəlbedici məqamlar nə ola bilər. Bildiyiniz kimi, Şəki mədəniyyət abidələri ilə zəngindir. Eyni zamanda bu şəhər zəngin mənəvi həyata malikdir. Şəki Mirzə Fətəli Axundzadə, Bəxtiyar Vahabzadə kimi dahilərin, böyük ədiblərin şəhəridir. Orada gözəl teatr var, Şəki zəngin teatr ənənələrinə malikdir. Təsadüfi deyil ki, Şəkidə artıq beynəlxalq teatr festivalının da təməli qoyulub və bu il ikinci dəfə keçirildi. Şəki artıq məşhurlaşıb və bunu davam etdirmək lazımdır. İstedadlar təkcə böyük şəhərlərdə, paytaxtda doğulmur. Qazaxlarda belə bir misal da var: “İstedad kənddə doğulur, amma paytaxtda ölür”. Düşünürəm ki, Şəkidə istedadlı insanların sayı hələ daha çox olacaq. Həmçinin, şəhər bundan sonra da genişmiqyaslı mədəni, elmi, ədəbi tədbirlərə ev sahibliyi etməlidir.
Sualınızın cavabını konkretləşdirərək deyə bilərəm ki, biz öz hədəfimizə nail olduq və Şəkini türkdilli ölkələrin markasına çevirməyi bacardıq. Şəkidə “Mədəniyyət paytaxtı” təntənəli açılış mərasimi, ilboyu davam edən tədbirlər, mədəniyyət xadimlərinin diqqətinin bu şəhərə cəlb olunması, Şəkinin tarixi, mədəni zənginliyini əks etdirən çap məhsullarının hazırlanması onu daha da məşhurlaşdırdı. Bu yaxınlarda Şəkidə TÜRKSOY tərəfindən xatirə ili elan olunmuş Yusif Has Hacib Balasaqunlunun 1000 illiyi ilə bağlı elmi konfrans keçirildi. Sentyabrda beynəlxalq teatr festivalı, ondan öncə iyun ayında Şəkidə ənənəvi “İpək Yolu” beynəlxalq musiqi festivalında iştirak etdik. Bu kimi tədbirlər ancaq adətən böyük şəhərlərdə və paytaxtlarda keçirilir. Amma biz bu tədbirləri belə kiçik şəhərdə keçirə bildik.
- Maraqlıdır, dəfələrlə səfər etdiyiniz bu şəhərdəki insanlar, əhval-ruhiyyə Sizə necə təəssürat bəxş etdi?
- Daha öncə də eşitmişdim ki, Şəki Bolqarıstanın Qabrova şəhəri ilə qardaşlaşıb. Səbəb isə hər iki şəhərin əhalisinin zarafatcıl və lətifəsevər olmasıdır. Şəhərlərin mənəvi ruhu oradan daha çox hansı peşə sahibləri çıxdığının göstəricisidir. Deyirlər ki, əgər sən zarafat edirsənsə, deməli, ağıllısan. Belə adamlar təkcə zarafat etmir, zarafatı dəyərləndirə bilirlər. Zarafatı anlayan insan həm də yaradıcı olur. Onun çiyinlərinə hər hansı bir işi qoymaq olar. Ona görə də Şəki belə böyük tədbiri öz çiyinlərinə götürdü və öhdəsindən gələ bildi. İndi bir çox yerlərdə iqtisadi çətinliklərə görə bu cür böyük tədbirlərdən imtina edirlər. Əgər bu layihə Şəkidə uğurla baş tutdusa, əgər biz hələ də, zarafat edə biliriksə, deməli, heç də hər şey pis getmir. Hətta deyərdim ki, hər şey yaxşıdır.
- Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı - 2016” ilinin bağlanış mərasimi nə zaman olacaq və əgər sirr deyilsə, layihənin növbəti məkanı planlaşdırılıbmı?
- Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimi 1-2 dekabr tarixinə planlaşdırılır. Dekabrın 1-də Şəkidə TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının toplantısı keçiriləcək. Bu dəfə həm də nazirləri Şəki ilə tanış etmək imkanımız olacaq. Təbii ki, biz bu toplantıda 2017-ci il üçün hansı şəhərin “mədəniyyət paytaxtı” seçilməsini də müzakirə edəcəyik. Hələ ki, bu sirrdir. Yalnız qərara gəldikdən sonra açıqlama verəcəyik. Çünki özümüz qərara gəlsək də, bunu bir sıra instansiyalar, ölkələrin rəsmi qurumları ilə razılaşdırmalıyıq. Bildiyiniz kimi, biz 2016-cı ildə Başqırdıstanın paytaxtı Ufanı “mədəniyyət paytaxtı” elan etməyi planlaşdırırdıq. Amma o zaman Rusiya-Türkiyə münasibətlərindəki məlum səbəblərdən plan dəyişdi. Biz qısa bir zamanda qərar qəbul etməli idik. Belə bir vaxtda Azərbaycan tərəfi Şəkinin namizədliyini təklif etdi. Bunun üçün biz Azərbaycan Respublikası rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımızı bildiririk.
- TÜRKSOY çoxçeşidli layihələr həyata keçirməklə yanaşı, aktiv fəaliyyəti ilə də hər zaman diqqəti cəlb edir. Bu ilin iyulunda Türkiyədə, Ankarada məlum hadisələr zamanı da qurumun işində hər hansı bir səngimə müşahidə olunmadı...
- Həmin hadisələr zamanı Ankarada iki kollektivimiz var idi: TÜRKSOY Gənclik kamera xoru və TÜRKSOY Gənclik kamera orkestri. Biz baş verənlərə baxmayaraq məşqləri, konsertləri ləğv etmədik. Gənclik kamera xoru Avropada 6 konsert verdi. Bununla mən sizə TÜRKSOY-un ümumi əhvalını söyləmək istəyirəm. Uşaqlar heç vaxt demədi ki, biz qorxuruq, getmək istəmirik. Baxmayaraq ki, təhlükə var idi və biz risk edirdik. Sadəcə belə düşünürdük: həyat davam edir. Mən buna görə o uşaqlara minnətdaram. Mən hətta onlara bir hadisəni də xatırlatdım: İkinci dünya müharibəsi zamanı Leninqrad blokadaya alınarkən orkestr konsert vermişdi. Biz nə üçün ləğv etməli idik? Belə zamanlarda öz gücümüzü, vətənpərvərliyimizi göstərməliyik. Bunlar keçicidir. Əgər gözləsək, heç vaxt heç nə edə bilmərik. Hər zaman işləmək lazımdı.

Mehparə Sultanova
Ankara