Aşıq Hüseyn Saraçlının yubileyinə həsr olunmuş mərasim keçirildi

Noyabrın 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyi və Aşıqlar Birliyinin təşkilatçılığı ilə ustad sənətkar, Əməkdar mədəniyyət işçisi aşıq Hüseyn Saraçlının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.

Əvvəlcə sənətkarın ifalarından ibarət video-slayd nümayiş olundu.
Xatirə gecəsini Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açaraq Hüseyn Saraçlının Borçalı aşıq mühitinin görkəmli nümayəndələrindən biri olduğunu dedi. Bildirildi ki, aşıq 1916-cı ildə Gürcüstanın Bolinisi rayonunun Saraçlı kəndində dünyaya göz açıb. Türkiyədə, Qafqazda və Orta Asiyada tanınıb, əsərləri dillər əzbəri olub. “Qürbəti-Kərəm”, “Bağdad dübeyti” saz havalarının müəllifidir. “Tütək səsi” filmində onun ifasında səslənən “Ruhani” saz havası möhtəşəm sənət nümunəsinə çevrilib. Hüseyn Saraçlı tək öz dövrünün yox, bütün zamanların tanınmış ozanlarından biridir. Onun anadan olmasının 100 illiyinin yüksək səviyyədə keçirilməsi Azərbaycan dövlətinin aşıq sənətinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Yubiley gecəsində ilk ifanı “Hüseyni” havası ilə aşıqlar Qələndər Zeynalov və Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva təqdim etdi. Aşıq Şaiq İncəli və Avdı Musayevin ifasında “Mixəyi” havası tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Əşrəf Borçalı və Tərmeyxan Qasımlı ustad sənətkarın “Minayə” şeirini “Baş dübeyti” üstündə oxudular.
Hüseyn Saraçlının sonuncu şəyirdi Kövrək Muradın ifasında “Bağdad dübeyti” havası səsləndirildi. O, ustadı ilə bağlı xatirələri dilə gətirdi.

Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı və şəyirdi Şəhriyar Laçınlı “Kərəm gözəlləməsi”, Borçalı aşıq mühitinin iki istedadlı təmsilçisi Nargilə Mehdiyeva və Qabil Faxralı “Şahsevəni” havasını ifa etdilər. Borçalıdan gələn aşıqlar Həvəskar Qurbanov “Fəxri”, Əli Zeynalabdinov və Familə Göyçəli “Qəhramanı”, Cahangir Quliyev “Sallama kərəmi”, Rasim Qayıbov və Azər Alıyev “Dərvişi” (“Qaraçı”) havalarını təqdim etdilər. Aşıq İlham Aslanbəyli və Telli Borçalının ifa etdikləri “Naxçıvanı” havası gecəyə şən ovqat bəxş etdi.
Şirvan aşıq mühitinin tanınmış sənətkarlarından Ağamurad Şirvanlı “Hüseyn Saraçlı” dastan-poemasından bir parça ifa etdi. Aşıq Mehdi Mənsimov və Gözəl Kəlbəcərli “Ağır Şərili”, Məhsəti Cabbarlı, amerikalı aşıq Marta Lauri və Roman Azaflı “Şirvan müxəmməsi”, Hüseyn Saraçlının oğlu aşıq Əli Həsənov ”Ruhani”, Elməddin Məmmədli və Şəhriyar Kərimov “Qəmərcanı”, “Laçın”, sazçı qrupu isə “Misri” havasını təqdim etdi.
Saz-söz məclisi Tərmeyxan Qasımlı, Əşrəf Borçalı, Həvəskar Qurbanov və Avdı Musayevin ifasında “Müxəmməs” havasının ifası ilə başa çatdı.
Tədbirin sonunda Hüseyn Saraçlının böyük oğlu İsfəndiyar Həsənov çıxış edərək dövlət başçısına, xatirə gecəsinin təşkilatçılarına, atası haqqında kitab nəşr etdirən müəlliflərə minnətdarlığını bildirdi.

Savalan Fərəcov








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar