Bölgələrdə Bayraq Günü ilə bağlı tədbirlər

Şəki. Uşaq incəsənət məktəbində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Qürurumuzdur bayrağımız” adlı tədbir keçirilib. Çıxışlardan sonra məktəbin müəllim və şagirdlərinin hazırladığı musiqili ədəbi-bədii kompozisiya nümayiş olunub.
Şəhərdəki M.F.Axundzadə adına Mədəniyyət mərkəzində “Vətən bayrağı müqəddəsdir” mövzusunda tədbir təşkil olunub. Tədbirin bədii hissəsində mərkəzin “Zurnaçılar” ansamblının və müğənnilərin çıxışı alqışlarla qarşılanıb.
M.F.Axundzadənin Şəkidəki ev-muzeyində də Dövlət Bayrağı Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə şəhər 1 saylı orta məktəbin müəllim və şagirdləri iştirak edib.
Nakam adına Mərkəzi kitabxanada isə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25 illik yubileyi ilə əlaqədar keçirilmiş şeir qiraəti müsabiqəsinə yekun vurulub. Qaliblər diplomlarla və hədiyyələrlə mükafatlandırılıb.
Qazax. Rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi Bayraq Gününə həsr olunmuş tədbir keçirib. Tədbirdə mövzu ilə bağlı çıxışlar olub, 1 saylı tam orta məktəbin 2-ci və 5-ci sinif, 2 saylı orta məktəbin 7-ci, 3 saylı orta məktəbin 2-ci, 3-cü və 7-ci sinif şagirdləri Azərbaycan şairlərinin şeirlərindən seçmələr söyləyiblər.
Mingəçevir. Şəhər MKS-də Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirlər təşkil edilib. Tədbirlərdə tarix və dövlətçilik ənənələrini yaşadan dövlət rəmzlərindən söz açılıb.
Qax. C.Cabbarlı adına Mərkəzi kitabxanada “İstiqlalın əbədiyyət rəmzi - Azərbaycan bayrağı” adlı oxucu konfransı keçirilib. Mövzu ilə bağlı məruzələr dinlənilib. 2 saylı kitabxananın balaca oxucularının “Dalğalan, bayrağım” adlı kompozisiya səslənib.
Tərtər. MKS-nin Mərkəzi kitabxanasında Bayraq Gününə həsr olunmuş tədbir keçirilib. “Dalğalan, üçrəngli bayrağımız” başlıqlı kitab sərgisi nümayiş olunub. Məktəblilər bayrağa, vətənə həsr olunmuş şeirlər söyləyiblər.
Ağcabədi. Heydər Əliyev Mərkəzi tərəfindən açıq havada təşkil edilən sərgidə şəhər ümumtəhsil məktəbləri şagirdlərinin bayrağımıza həsr etdikləri əl işləri və rəsmləri nümayiş olunub. N saylı hərbi hissənin əsgər və zabit heyəti Heydər Əliyev Mərkəzini ziyarət edib və sərgi ilə tanış olub.
Zərdab. Mərkəzi kitabxanada “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” adlı tədbir keçirilib. 3 saylı məktəbin şagirdləri oxuduqları şeirlər, təqdim etdikləri səhnəciklər tədbirin bayram əhval-ruhiyyəsini daha da artırıb.
Bərdə. Rəsm qalereyasının və Mədəniyyət və Turizm şöbəsinin tabeliyində olan uşaq incəsənət məktəblərinin birgə təşkilatçılığı ilə açıq havada uşaqların əl işlərindən ibarət sərgi açılıb. Uşaqların ifasında bayrağa və dövlətçiliyə həsr olunmuş şeir və mahnılar tədbiri daha da maraqlı edib.
Şamaxı. Rəsm qalereyasında təşkil edilən "Bayrağımız qürur mənbəyimizdir" adlı sərgidə İncəsənət təhsili mərkəzinin müəllim və şagirdlərinin əl işləri nümayiş olunub. Tədbirdə ziyalılar, məktəblilər, mədəniyyət işçiləri iştirak ediblər.
Masallı. Bayraq meydanında bayram konserti keçirilib. Masallı Dövlət Regional Kollecinin hazırladığı kompozisiya, Mədəniyyət mərkəzinin solistlərinin çıxışları alqışlarla qarşılanıb.
Oğuz. Mərkəzi kitabxananın Uşaq şöbəsində “Dalğalan bayrağım, ucal bayrağım” adlı tədbir keçirilib. Çıxışlardan sonra şəhər 1 saylı məktəbin VI sinif şagirdləri Bayraq Günü münasibətilə hazırladıqları kompozisiyanı təqdim ediblər.
Qəbələ. Tarix-diyarşünaslıq muzeyində “Bayrağımız varlığımızdır” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdən sonra muzeydə dövlət rəmzlərimizlə bağlı yaradılmış guşəyə baxış keçirilib.
Ağdaş. Mərkəzi kitabxananın oxu zalında Dövlət Bayrağı Günü münasibətilə dəyirmi masa keçirilib. Çıxışlardan sonra 2 saylı orta məktəbin 1-ci sinif şagirdləri vətənə, dövlətə, bayrağa aid şeirlər söyləyiblər.