Xaçmaz. Heydər Əliyev Mərkəzində Uşaq incəsənət məktəbi ilə birlikdə "Bayrağımız - qürur mənbəyimiz" mövzusunda tədbir təşkil olunub. Tədbirdə məktəbin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub və şeir kompozisiyası təqdim edilib.
Xudat şəhərindəki Heydər Əliyev muzeyində də Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib. Muzeyin direktoru Könül Ramazanova, şəhər 2 saylı məktəbin müəllimi Nəzakət Kərimova çıxış ediblər. Məktəblilərin ifasında şeirlər səslənib.
Sabirabad. Rayon Mədəniyyət mərkəzində 12 noyabr - Konstitusiya Günü ilə əlaqədar dəyirmi masa keçirilib. Mərkəzin direktoru Əliheydar Əliyev, Mədəniyyət və Turizm şöbəsinin müdiri Əhməd Ramazanov, MKS-nin direktoru Eldar Urufov və digər çıxış edənlər 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasından söz açıblar.
Qazax. E.Hüseynov adına Mərkəzi kitabxananın oxu zalında Konstitusiya Gününə həsr edilmiş “Ali qanun: mütərəqqi dəyişikliklər” adlı dəyirmi masa təşkil olunub. Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova, fəal oxucu Rəşad Kazımzadə əlamətdar günün tarixindən, Konstitusiyanın müddəalarından bəhs ediblər.
Goranboy. Rayon Ağsaqqallar evində Mərkəzi kitabxananın təşkilatçılığı ilə “Azərbaycanın ən şanlı tarixi - müstəqilliyimiz” mövzusunda dəyirmi masa keçirilib. Oxu zalının müdiri Sevda Əliyeva, 1 saylı klubun müdiri Nazilə Kazımova və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Şamaxı. Mədəniyyət və Turizm şöbəsi Şəhriyar qəsəbəsindəki mülki müdafiə taburunda Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirib. Tabur komandirinin müavini Vüqar Quliyev, Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edən Rəfail Tağızadə mövzu ilə bağlı danışıblar. “Şirvan” folklor kollektivi, “İncə tellər” aşıqlar ansamblı əsgərlər qarşısında çıxış edib.
Bərdə. Mədəniyyət mərkəzinin filialı olan Hacallı kənd Folklor klubunda “Bayrağımız qürur mənbəyimizdir” adlı tədbir təşkil olunub. Klubun müdiri Xəqani İmanov, kənd bələdiyyəsinin sədri Akif Əhmədov çıxış ediblər, Folklor klubunun hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub.
Lənkəran. Turizm informasiya mərkəzi tərəfindən Dövlət Bayrağı Günü münasibətilə yerli sənət ustalarının əl işlərinin sərgisi təşkil olunub. Tədbir iştirakçılarına buklet, flayer və təqvimlər paylanıb.
Neftçala. Mərkəzi kitabxananın Uşaq şöbəsinin “Nağıl otağı”nda “Həmişə dalğalanan, üçrəngli bayrağımız” adlı tədbir keçirilib. Tədbirdə rayon 1 saylı orta məktəbin IV sinif şagirdləri iştirak ediblər.
Zərdab. Həsən bəy Zərdabi muzeyində görkəmli maarifpərvər, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin anadan olmasının 174-cü ildönümü qeyd edilib. Muzeyin direktoru Vəfa Bayramova, əməkdaşlar Tavad Qurbanova, Mübariz Səfiyaroğlu, Tarix-diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva və başqaları böyük ziyalının ömür yolundan söz açıblar. Gəlmə kənd orta məktəbi 8-ci sinif şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.