Noyabrın 19-da Azərbaycan Mətbuat Şurasının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə “Hərbi-vətənpərvərlik mövzusunun mediada işıqlandırılması xüsusiyyətləri” mövzusunda konfrans keçirilib.

Toplantını rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq cəbhəyanı bölgədə aparılan geniş abadlıq və quruculuq işlərindən, bu il aprelin əvvəlində ordumuzun düşmən təxribatlarına layiqli cavab verməsinin yerli əhalidə yaratdığı ruh yüksəkliyindən bəhs edib. İcra başçısı həmçinin cəmiyyətdə ruh yüksəkliyinin yaradılmasında medianın rolundan danışaraq Azərbaycan Mətbuat Şurası ilə birgə hərbi-vətənpərvərlik mövzusunu geniş işıqlandıran KİV-lər üçün “Qarabağ” beynəlxalq mükafatının təsis olunduğunu diqqətə çatdırıb.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov aprel ayında cəbhə xəttində gərginliyin yarandığı dövrdə Azərbaycan mediasının da kifayət qədər peşəkar fəaliyyət göstərdiyini deyib: “Medianın təqdim etdiyi materiallar cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdı. Əlbəttə, müəyyən nöqsanlar da qeydə alındı. O zaman belə qərara gəldik ki, beynəlxalq miqyaslı “Qarabağ” mükafatı təsis edək. Hələlik bu mükafatın yerli qaliblərini mükafatlandıracağıq. Gələn ildən başlayaraq Qarabağla bağlı xarici media vasitələrində yer almış ən yaxşı məqalələrin müəlliflərini də mükafatlandırmağı nəzərdə tuturuq. Hesab edirik ki, bu yolla Qarabağ həqiqətlərinin təbliğinə daha çox yer vermiş olarıq”.
Tədbirdə hərbi-vətənpərvərlik mövzusunun təqdimatında fərqlənmiş və Tərtər rayonu ilə bağlı materiallar təqdim etmiş 8 kütləvi informasiya vasitəsi “Qarabağ” mükafatına layiq görülüb.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, millət vəkilləri Hikmət Babaoğlu, Sahib Alıyev, MŞ idarə heyətinin üzvləri - “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və başqaları cəbhəyanı bölgələrdə hərbi-vətənpərvərlik təbliğatının xüsusilə vacib olduğunu bildiriblər.
Konfrans iştirakçıları Tərtər rayonunun Talış kəndi istiqamətindəki təmas xəttinə baş çəkərək əsgərlərimizlə görüşüblər.