Goranboy. Rayon Mərkəzi kitabxanasında “Gənclər mütaliə edir” aksiyası keçirilib. Tədbirin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, mütaliəyə marağın artırılması, vətənpərvərliyin təbliğidir. Gənclər “Tarix qəhrəmanlığı unutmur”, “Azərbaycan multikulturalizm məkanıdır”, “Yaddan çıxmaz Qarabağ” və s. başlıqlı kitab sərgiləri ilə də tanış olublar.
Qazax. MKS-nin Dəmirçilər kənd kitabxana filialı Sənətkarlıq evi ilə birlikdə kəndin ərazisində yerləşən N saylı hərbi hissədə Milli Dirçəliş Günü münasibətilə hərbiçilərlə görüş keçirib. Tədbirdə kitabxana filialının müdiri Xanım Hüseynova, hərbi hissənin kapitanı Vüqar Hüseynov çıxış ediblər. Şagirdlər vətənpərvərlik ruhlu şeirlər söyləyib, mahnılar ifa ediblər.
Şamaxı. “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyasının 17-20 noyabr tarixini əhatə edən növbəti mərhələsində Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Göyçay, Ağdaş və Mingəçevir məktəblərinin şagirdlərindən ibarət qruplar Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyada olublar. Qrupların Şamaxıdan yolasalma mərasimində rayon Mədəniyyət və Turizm şöbəsinin “Gülüstan” xalq çalğı alətləri ansamblı, “Şirvan” folklor qrupu, “İncə tellər” aşıqlar ansamblı, İncəsənət təhsili mərkəzinin “İgidlər” rəqs qrupu konsert proqramı ilə çıxış edib.
Oğuz. Mərkəzi kitabxananın uşaq şöbəsində BMT-nin “Uşaq hüquqları Konvensiyası”nın qəbul edilməsinin 27-ci ildönümü münasibətilə ölkəmizdə keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində “Vətənim mənim, varlığım mənim” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə Uşaq yaradıcılıq mərkəzi, Heydər Əliyev mərkəzi, Tarix-diyarşünaslıq muzeyinin kollektivləri, 1 və 2 saylı məktəblərin VI sinif şagirdləri iştirak edib.
Cəlilabad. Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Tarix-diyarşünaslıq muzeyində fonda daxil edilmiş yeni eksponatlardan ibarət “Qədim tariximizə söykənən milli dirçəlişimiz” adlı sərgi keçirilib. Tədbirdə İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayon idarə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Sərgidə son 6 ayda rayon ərazisindən toplanılmış mindən çox eksponat nümayiş etdirilib.
Bərdə. Rayonun mədəniyyət ocaqlarında Milli Dirçəliş Günü münasibətilə silsilə tədbirlər keçirilib. Tədbirlərdə 1988-ci ilin 17 noyabrında Bakının Azadlıq meydanındakı mitinqlərlə başlayan xalq hərəkatının tariximizdəki yerindən söhbət açılıb.