Qusar şəhər Mərkəzi kitabxanasında Prezident yanında Bilik Fondunun təşkilatçılığı ilə bu bölgədə yaşayıb-yaradan tanınmış şair, jurnalist, tərcüməçi və publisist Həsən Xasıyevin “Azərbaycan ədəbiyyatında Qusar mövzusu” kitabının təqdimatı keçirilib.
   Tədbirdə Bilik Fondunun nümayəndəsi Hacı Abdulla təmsil etdiyi qurumun kitab təbliği sahəsində maarifçilik fəaliyyəti, ölkəmizdə “Multikulturalizm ili” çərçivəsində bölgələrdə həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib. 
   Qusar rayon Mərkəzi kitabxanasının direktoru Zahir Mustafayev və başqaları H.Xasıyevin yaradıcılıq yolundan, kitabın məziyyətlərindən, Azərbaycan ədəbiyyatının zənginləşməsində ləzgi şair və yazıçılarının töhfələrindən bəhs ediblər. 
   Sonra H.Xasıyev ona və yaradıcılığına göstərilən diqqətə görə Bilik Fondunun və rayon İcra Hakimiyyətinin rəhbərliyinə, tədbir iştirakçılarına minnətdarlığını bildirib, gələcək yaradıcılıq planlarından danışıb.