Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu gənc nəslin hərtərəfli inkişafına və dünyagörüşünün zənginləşməsinə stimul yaradan bir neçə layihə həyata keçirir. 2014-cü ilin sentyabrından “İl boyu bilik” proqramı çərçivəsində həyata keçirilən “Qardaşlaşmış məktəblər” layihəsi də bu qəbildəndir. 
   Layihənin əsas məqsədi yeniyetmə və gənclərin biliklərə yiyələnməsinə, ölkəmizin multikultural mühitinə, dini və etnik müxtəlifliyinə əyani şahid olmasına dəstək verməkdir. Bu dəfə layihə çərçivəsində Bakının Suraxanı rayonundakı 275 nömrəli məktəbin şagirdləri Salyan məktəblilərinin qonağı olublar. 
   Məktəblilərin rayon rəhbərliyi ilə görüşü keçirilib. Şəhər 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseydə suraxanılı məktəblilərlə salyanlı yaşıdları arasında “Qardaşlaşma sazişi” imzalanıb. “Bilik yarışında” iştirak edən şagirdlərə Fondun hədiyyələri təqdim olunub. 
   Bakı məktəbliləri Heydər Əliyev Mərkəzi, Rəsm qalereyası, Cümə məscidi və Tarix-diyarşünaslıq muzeyində olublar, Salyanın görməli yerləri, Şirvan Milli parkı ilə tanış olublar.