“The New York Times” qəzeti filmin xülasəsini dərc edib
   
   Xəbər verildiyi kimi, ABŞ-ın Nyu-York şəhərində yazıçı Qurban Səidin bestseller romanı əsasında Azərbaycanda çəkilmiş “Əli və Nino” bədii filminin premyerası keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu ekran əsərinin premyerası Nyu-Yorkun məşhur “Sunshine” kinoteatrında gerçəkləşib.
   Tədbirdə çıxış edən filmin prodüseri Kris Tikye tolerantlıq və multikulturalizmin dövrümüzün və günümüzün ən aktual məsələlərindən biri olduğunu vurğulayıb, “Əli və Nino” filminin bu mövzuda cəmiyyətə, insanlara əhəmiyyətli mesaj göndərdiyini bildirib. 
   Tədbirə filmdə Əli rolunu canlandıran Adam Bakri və Mendi Petinkin də xüsusi qonaq qismində qatılıblar. Adam Bakri nümayişdən əvvəl çıxış edərək filmin fərqli yerlərdən fərqli insanları bir araya gətirən güclü sevgi hekayəsi olduğunu bildirib.
   Premyerada Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da çıxış edərək Qurban Səidin müəllifi olduğu bu əsərin həm ölkəmizin, həm də yerləşdiyimiz regionun tarixinin və mədəniyyətinin olduqca vacib hissəsini əks etdirdiyini vurğulayıb. Səfir qeyd edib ki, film bölgədəki milli kimliklərin və onlar arasında qarşılıqlı münasibətlərin başa düşülməsi üçün maraqlı təqdimat rolunu oynaya bilər. 
   Film izləyicilər tərəfindən maraq və alqışlarla qarşılanıb. “Əli və Nino” Nyu-Yorkun müxtəlif kinoteatrlarında nümayiş etdiriləcək.
   Ekran əsərinin premyerası mediada da rezonans doğurub. “The New York Times” qəzeti “Əli və Nino” filminin xülasəsini dərc edib. 
   Qəzetin redaktoru Ken Yavorovskinin materialında Azərbaycan yazıçısı Qurban Səidin 1937-ci ildə çap olunmuş romanı əsasında yazılan ssenarinin detallarından danışılır. Tənqidçi bildirir ki, Əli və Nino rollarında çəkilmiş Adam Bakri və Maria Valverdenin oyunu, eləcə də dağların və çöllərin təsvir olunduğu möhtəşəm kadrlardan tutmuş dəbdəbəli evlərin interyerlərinə qədər filmin bütün məziyyətləri çox gözəldir. Müəllif Asif Kapadianın rejissorluq fəaliyyətinə toxunaraq yazır ki, filmin hər bir hissəsi, o cümlədən məhəbbət, müharibə və təqib səhnələri ekspressiya ilə doludur.