Noyabrın 29-da Milli İncəsənət Muzeyində Gənclər Fondunun maliyyə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə “Multikulturalizm və tolerantlıq diyarı Azərbaycan” layihəsi çərçivəsində görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açıldı.
   Açılışdan öncə “Azərbaycan təsviri sənətində multikultural və tolerant dəyərlər” mövzusunda konfrans və sərgi kataloqunun təqdimatı keçirildi. 
   Muzeyin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova bildirdi ki, layihənin məqsədi ölkəmizdəki multikultural və tolerant mühitin təsviri sənət vasitəsilə ictimaiyyətə çatdırılmasıdır. 
   Layihənin rəhbəri, sənətşünas Dilarə Müzəffərli “Multikulturalizm ili”ndə belə bir sərginin keçirilməsini əlamətdar hadisə adlandırdı. 
   Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov təsviri sənətimizdə multikultural dəyərlərə geniş yer verildiyini vurğuladı. 
   DQİDK-nın şöbə müdiri Natiq Məmmədli, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, BBMM-in şöbə müdiri Yadigar Məmmədli təqdim olunan layihənin önəmindən danışdılar. 
   Sonra sərginin açılışı oldu. Sərgidə xalq rəssamları Salam Salamzadə, Kazım Kazımzadə, Maral Rəhmanzadə, Güllü Mustafayeva, Kamil Xanlarov, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Nadir Əbdürrəhmanov, Elbəy Rzaquliyev, Cahangir Rüstəmov, Tahir Salahov, Nadir Qasımov, Toğrul Nərimanbəyov, Səlhab Məmmədov, Arif Hüseynov, əməkdar incəsənət xadimləri Lətif Feyzullayev, Vəcihə Səmədova, Nəcəfqulu İsmayılov, Hafiz Məmmədov, Toğrul Sadıqzadə və Əbdülxalıq Əbdüləlioğlunun xalqlar dostluğunu tərənnüm edən, multikultural dəyərləri əks etdirən rəngkarlıq və qrafika əsərləri nümayiş olunur. 
   Sərgi üç gün davam edəcək.
   
   S.Qaliboğlu