Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “İmzalı görüş” layihəsinin növbəti qonağı şair, tərcüməçi Səlim Babullaoğlu olub. Noyabrın 29-da keçirilən görüşdə ədəbiyyatsevər gənclər iştirak ediblər.
   Layihə haqqında tədbir iştirakçılarına məlumat verən Fondun icraçı direktoru Oktay Səmədov gəncləri Səlim Babullaoğlunun yaradıcılığı ilə tanış edib. 
   Sonra şair yeni çapdan çıxmış “İlyas Göçmənin şəkil dəftəri” kitabının ərsəyə gəlməsindən danışıb, iştirakçıları maraqlandıran suallara cavab verib, şeirlərini oxuyub. Sonda müəllif imzalı kitablarını görüş iştirakçılarına hədiyyə edib.
   Bilik Fondu “İmzalı görüş” layihəsi çərçivəsində gənclərin mütaliəyə marağını stimullaşdırmaq üçün onları tanınmış yazarlarla görüşdürür. Ötən müddətdə Xalq yazıçısı Çingiz Abdullayev, yazıçı-publisistlər Aqil Abbas, Rəşad Məcid, uşaq yazarları Sevinc Nuruqızı, Aygün Bünyadzadə, Mehriban Nağıyeva ilə görüşlər keçirilib.