Azərbaycan və dünya ədəbiyyatı tarixində elə görkəmli ədiblər olmuşdur ki, rəssam və heykəltəraşlar onların portretlərini yaratmağı özlərinə həm mənəvi borc, həm də böyük fəxr bilmişlər. Milli ədəbiyyatın belə simalarından biri də Xalq şairi Səməd Vurğundur. Bu il anadan olmasının 110 illiyi qeyd edilən şairin şəxsiyyəti, yaradıcılığı tənqid və ədəbiyyatşünaslığın diqqət mərkəzində olduğu kimi, təsviri sənət ustalarının da diqqətini cəlb etmişdir. 
   
   Görkəmli fırça ustaları M.Abdullayev, O.Sadıqzadə, N.İsmayılov, D.Kazımov, T.Kərimov, H.Zeynalov, N.Polyakov və başqalarının rəngkarlıq əsərlərində böyük söz xiridarının yaddaqalan obrazı yaradılmışdır. Şairin yarıməsrlik ömrünün müxtəlif anlarına “güzgü” tutan rəssamlar onun yaradıcı və insani yaşantılarına düşündürücü bədii görkəm verə bilmişlər.
   Xalq rəssamı Mikayıl Abdullayevin çəkdiyi tablo «Şairin gəncliyi» adlanır. Burada təsvir olunan kənd uşağının - Səmədin nikbin nəzərləri parlaq gələcəyə dikilmişdir. Rəssamın yağlı boya ilə işlənilmiş başqa bir əsəri - «Səməd Vurğunun portreti» adlanır. Mikayıl Abdullayev bu tablonu şairin sağlığında - 1944-cü ildə naturadan çəkmişdir. Şair Şüvəlandakı bağında, tut ağacının altında yaradıcılıq prosesində təsvir edilmişdir. Rəssamın böyük ustalıqla yaratdığı tablonun qarşısında öz dostlarını bağına dəvət edən şairin bu misralarını oxuyursan: 
   
   Gəlin dostlar! Mənim könlüm dönməmiş sizdən,
   Bağımdakı tut ağacı bir alaçıqdır.
   Məhəbbətlə tutacağam əllərinizdən,
   Qəlbim kimi üzünüzə qapım açıqdır.
   
   Başqa bir boyakarlıq əsəri «Şair, nə tez qocaldın sən» adlanır. Rəssam Nəcəfqulu İsmayılov çəkdiyi portretə Səməd Vurğunun eyniadlı şeirinin adını vermişdir. Əsərdə bütün həyatı boyu mənsub olduğu xalqın təəssübünü çəkən, sözün həqiqi mənasında alovlu bir vətənpərvər olan, xalq tərəfindən sevilən, bununla birlikdə 1937-1938-ci illərdə, habelə 1950-ci illərin əvvəllərində haqsız hücumlara məruz qalan və «tez qocalan şairin» obrazı yaradılmışdır. 
   Portret həm kompozisiya quruluşu və həm də inandırıcılığı ilə tamaşaçının diqqətini cəlb edir. Şairin payız fəslində təbiət fonunda təsvir edilməsi portretin adı və eləcə də qabardılan ideya ilə həmahənglik təşkil edir. Şairin fəslə uyğun geyimdə şux qamətli fiquru kompozisiyaya dinamiklik gətirir. 
   Şaquli formatda təsvir olunan bu portretdən fərqli olaraq Oqtay Sadıqzadə şairin obrazını üfüqi formatda yaratmışdır. Format və eləcə də digər xüsusiyyətlərinə görə Sadıqzadənin əsəri Mikayıl Abdullayevin çəkdiyi portretlə oxşarlıq təşkil edir. Hər iki rəssam şairi oturaq tərzdə çəkmişlər. Yeganə fərq O.Sadıqzadənin öz qəhrəmanını qapalı məkanda, yəni iş otağında, Mikayıl Abdullayevin isə açıq havada, təbiət fonunda təsvir etməsindədir. Hansı fonda təsvir edilməsindən asılı olmayaraq hər üç rəssam şairin poetikliyi, onun xəyalpərvərliyi, yaradıcılıq coşğunluğu kimi sənətkarlıq keyfiyyətlərini xüsusi məharətlə təsvir etmişlər. Bu keyfiyyətlərini Nəcəfqulu İsmayılov onun sol əlini paltosunun yaxalığında saxlayaraq gözəl bir təbəssümlə irəliyə baxan gözlərində, Mikayıl Abdullayev şairin kənd evindəki eyvanında yaradıcılıq prosesində poetik axtarış zamanı bütün varlığı ilə düşüncələrə dalmış pozasında, nəhayət, Oqtay Sadıqzadə isə mənalı baxışlarında əks etdirmişlər. 
   Oqtay Sadıqzadənin yaratdığı bu portretdə poza statikdir. Əyləşmiş formada təsvir olunan model kompozisiya prinsipləri ilə vəhdət təşkil edir. S.Vurğun kompozisiyada çox da böyük olmayan dairəvi stolun kənarına dirsəklənərək əlini üzünə dayamışdır. Bu oturuş tərzi portretə dalğınlıq effekti verməklə şairin müdrikliyini daha da qabardır, iti təfəkkürə malik olduğunu göstərir, onun zəngin daxili enerjiyə malik olması isə mənalı baxışlarından hiss olunur. Şairin baxışları uzağa və dərinliklərə tuşlanıb. Bu düşüncəli baxışın belə sənətkarlıqla təsvir edilməsi rəssamın böyük uğuru hesab edilə bilər. O.Sadıqzadənin yaratdığı portretlər üçün kompozisiyanın tamlığı, verilən detalların ifadəliliyi xarakterikdir. O, yaratdığı portretlər silsiləsi ilə özünü həmçinin rəssam-filosof kimi təsdiqləyə bilmişdir.
   Qeyd etdiklərimiz rəngkarlığımızda Səməd Vurğunun portretlərinin qısa tarixçəsidir. Sözsüz ki, rəngkarlıq söz sənətinin ifadəsi deyil və onun kifayət qədər əyani olması, başqa sözlə desək, tərcüməyə ehtiyacının olmaması onu həm bizim, həm də başqalarının dəyərləndirməsinə imkan verir. 
   
   Aysel Məmmədəliyeva
   sənətşünas