Qırğızıstan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə paytaxt Bişkekdə “Manas” dastanının növbəti qiraət şöləninə start verilib. Həcm etibarilə dünya folklorunun ən böyük əsəri hesab edilən dastan müxtəlif yaşlı insanlar tərəfindən bir həftə boyunca oxunacaq.
   Qırğız xalqının, o cümlədən türk dünyasının məşhur folklor abidəsinin tanıtımı məqsədilə həyata keçirilən layihə “Sayakbay “Manasçı” Beynəlxalq Fondunun təşkilatçılığı ilə gerçəkləşir. Dekabrın 4-də tədbirin bağlanış mərasimi olacaq və “manasçı”lar mükafatlandırılacaq.
   Qırğız xalqının həyat tərzini, adət-ənənələrini, inanclarını, yadellilərə qarşı mübarizəsini əks etdirən “Manas”ın 1995-ci ildə UNESCO-nun qərarı ilə 1000 illik yubileyi qeyd olunub. Ancaq dastandakı bəzi motivlərin kökləri daha qədim dövrlərə gedib çıxır. 
   Bildirək ki, “Manas” eposu 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Həmin ildən etibarən hər il noyabr ayının sonunda bir həftə ərzində davamlı şəkildə dastanı oxuma günləri təşkil olunur.
   
   F.Yunisli