Azərbaycan
   
   3 dekabr 1920 - Şair Ələkbər Şahid (Ələkbər Şahbaz oğlu Axundov; 1920 -12.12.1999) anadan olub.
   3 dekabr 1928 - Xalq rəssamı Rasim Həşim oğlu Xələfov (1928-2010) anadan olub. Dekorativ-tətbiqi və monumental işlərin, Bakı metrosunun "Gənclik", “Qara Qarayev” stansiyalarının, Bakı Dövlət Sirkinin bədii tərtibatının müəllifidir.
   3 dekabr 2008 - Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır» adlı konfransında “Bakı bəyannaməsi” qəbul olunub. Konfransda ilk dəfə Avropa və müsəlman ölkələrinin mədəniyyət nazirləri bir araya gəlib. Mədəniyyətlərarası dialoq üzrə “Bakı prosesi”nin əsası qoyulub.
   
   4 dekabr 1825 - Rəssam Mirzə Qədim İrəvani (1825-1875) anadan olub.
   4 dekabr 1950 - Ədəbiyyatşünas, yazıçı, akademik, Əməkdar elm xadimi Kamal Mehdi oğlu Abdulla Bakıda anadan olub. Əsərləri: “Ruh”, “Unutmağa kimsə yox” (pyeslər), “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” (romanlar) və s. Bakı Slavyan Universitetinin rektoru olub. 2014-cü ildən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviridir. 
   
   5 dekabr 1906 - Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə (1906 - 7.3.1963) Naxçıvan MR Şərur rayonunun Sərxanlı kəndində doğulub. Bakı Türk İşçi Teatrında, Gəncə Dram Teatrında fəaliyyət göstərib. “Səhər” (Mirəli), “Kölgələr sürünür” filmlərində çəkilib.
   5 dekabr 1912 - Əməkdar incəsənət xadimi, rəssam Sadıq Hüseyn oğlu Şərifzadə (1912 - 2.1.1986) Təbrizdə anadan olub. Rəsmləri: "Səttarxan fədailəri Təbrizdə", “Sərkərdə Babəkin portreti” və s.
   5 dekabr 1921 - Tanınmış aktyor, Xalq artisti Həsənağa Salayev (1921 - 2.10.1981) anadan olub. "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Aygün" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   5 dekabr 1924 - Aktrisa Şəfiqə Qasım qızı Qasımova (1924 - 3.4. 2008) anadan olub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb. “Görüş”, “Ögey ana” filmlərində çəkilib.
   5 dekabr 1924 - Kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Fərəməz oğlu Mahmudbəyov (1924-1997) anadan olub. “Qaraca qız”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Həyat bizi sınayır” və s. filmlərə quruluş verib.
   5 dekabr 1925 - Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nadir Qəmbər oğlu Əbdürrəhmanov (1925 - 26.7.2008) Laçında doğulub. Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri olub.
   5 dekabr 1927 - Yazıçı Cəmil Adil oğlu Əlibəyov (1927 - 26.10.2014) Füzuli rayonunun Dədəli kəndində doğulub. Əsərləri: “Sınaq", "Mənim analı dünyam", "Həyatın özü" (roman), "Gülüstanda qətl" (pyes) və s. “Azərbaycanfilm”in direktoru olub, sənədli filmlərin ssenari müəllifidir. Ç.Aytmatovun əsərlərini dilimizə tərcümə edib.
   5 dekabr 1941 - Böyük şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 24.10.1882 - 1941) vəfat edib. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin ("İblis", "Topal Teymur", "Şeyx Sənan", “Xəyyam”, “Səyavuş”, “Peyğəmbər” və s.) müəllifidir. 1938-ci ildə repressiya edilərək Sibirə sürgün olunub. İrkutsk vilayətinin Tayşet rayonunda dünyasını dəyişib. 1982-ci ildə nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.
   5 dekabr 1947 - Xalq artisti Larisa Afanasyevna Vinoqradova (1947 - 16.9.2009) Türkmənistanın Marı şəhərində anadan olub. Azərbaycan Musiqili Teatrında çalışıb. “Yaşıl eynəkli adam” teletamaşasında, “Yoxlama” teleserialında çəkilib.
   
   6 dekabr 1881 - Bakıda ilk telefon rabitə qurğusu istifadəyə verilib. Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı sərəncamla 6 dekabr Azərbaycanda “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü” elan edilib.
   6 dekabr 1954 - Əməkdar artist Ayşad Kamal oğlu Məmmədov anadan olub. Milli Dram Teatrında çalışır. “Bəxt üzüyü”, “Güllələnmə təxirə salınır!”, “Yalan” və s. filmlərdə çəkilib. 
   6 dekabr 2006 - Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 7.11.1940 - 2006) dünyasını dəyişib. Opera tamaşalarında ("Leyli və Məcnun", "Aşıq Qərib", "Əsli və Kərəm" və s.) əsas partiyaları ifa edib.
   
   Dünya
   
   3 dekabr Beynəlxalq Əlillər Günüdür. BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunub. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan insanların hüquqlarını qorumaqdır. 
   
   3 dekabr 1358 - Osmanlı imperatorluğunda məşhur sufi şeyxi və mütəfəkkir kimi ad çıxarmış Bədrəddin Mahmud Simavi (1358 - 1416/1420) anadan olub.
   3 dekabr 1927 - Amerika estrada müğənnisi və aktyor Endi Uilyams (Andy Williams - Howard Andrew Williams; 1927-2012) anadan olub.
   3 dekabr 1930 - Fransız rejissoru, aktyor, ssenarist Jan-Lük Qodar (Jean-Luc Godard) anadan olub. Fransa kinosunda “yeni dalğa”nın banilərindən biridir. Filmləri: “Kiçik əsgər”, “Motsart - həmişəlik”, “Birnəfəsə”, “Ağılsız Pyero” və s.
   
   4 dekabr 1131 - Dünya şöhrətli tacik (fars) şairi, filosof, riyaziyyatçı Ömər Xəyyam (Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri; 18.5.1048 - 1131) vəfat edib. 
   4 dekabr 1875 - Avstriyalı ekzistensialist şair Rayner Maria Rilke (Rainer Maria Rilke, 1875-1926) anadan olub.
   4 dekabr 1896 - Rus şairi, yazıçı Nikolay Semyonoviç Tixonov (1896-1979) anadan olub. Azərbaycan şairlərinin əsərlərini rus dilinə tərcümə edib.
   4 dekabr 1922 - Fransız aktyoru Jerar Filipp (Gerard Philipe, 1922 - 1959) anadan olub. Filmləri: “Fanfan-zanbaq”, “Böyük manevrlər”, “Monparnas 19”, “Təhlükəli əlaqələr” və s.
   4 dekabr 2009 - SSRİ-nin Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (8.2.1928 - 2009) vəfat edib. “Baharın on yeddi anı” çoxseriyalı televiziya filmində Ştirlis obrazı ilə şöhrət qazanıb. “Hərb və sülh”, “Qara qulaq ağ Bim” və s. filmlərdə çəkilib.
   
   5 dekabr 1791 - Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən məşhur nümayəndələrindən biri Volfqanq Amadey Motsart (Wolfgang Amadeus Mozart, 27.1.1756 - 1791) vəfat edib. 
   5 dekabr 1901 - Məşhur amerikalı multiplikasiya rəssamı, rejissor, ssenarist, prodüser Uolt Disney (Walter Elias "Walt" Disney, 1901 - 15.12.1966) anadan olub. Cizgi filmləri üzrə 26 dəfə “Oskar” mükafatına layiq görülüb.
   
   6 dekabr 1813 - Rus şairi, publisist və naşir Nikolay Oqaryov (1813 - 1877) anadan olub. 
   6 dekabr 1841 - Fransız rəssamı, impressionizmin banilərindən biri Frederik Bazil (Jean Frederic Bazille, 1841-1870) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan