Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi kitabxanasında tanınmış şair, tərcüməçi İlyas Tapdığın anadan olmasının 82-ci ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
   Kitabxananın foyesində ədibin kitablarından ibarət “Körpələrin ürəyinə yol tapan şair” adlı sərgi açılıb.
   Tədbirdə əvvəlcə şairin həyat və fəaliyyətini əks etdirən videoslayd nümayiş olunub.
   MKS-nin Uşaq şöbəsinin baş kitabxanaçısı Təranə Quliyevanın İlyas Tapdığın həyat və yaradıcılığı haqqında məruzəsi dinlənilib. 
   Kitabxananın uşaq şöbəsinin müdiri Şahnaz Cəlilova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, “Sehrli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimova, şairlər Qəzənfər Məsimoğlu, Əzizə Ağahüseynqızı, Güləmail Murad, BDU-nun kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Şəhla Tahirqızı və digər çıxış edənlər şairin yaradıcılığından bəhs ediblər. 
   Bildirilib ki, İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil alıb.
   Qeyd olunub ki, 50-dən çox şeir və tərcümə kitabının müəllifi kimi tanınan şair eyni zamanda bir çox gənc və tanınmış qələm sahiblərinin kitablarının redaktoru və “ön söz” müəllifidir, gənc yazarlara daim diqqət və qayğı göstərib.
   Tədbirdə 261 nömrəli tam orta məktəbin və “Zəkalar” liseyi şagirdlərinin ifasında şairin yaradıcılığına həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olunub.