Azərbaycan
   
   7 dekabr 1919 - Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) İstiqlal Muzeyi açılıb. 
   7 dekabr 2010 - Şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933-2010) vəfat edib. 30-dək kitabın müəllifidir. Sözlərinə "Ayrılma məndən", "Toy olsun, bayram olsun" və s. populyar mahnılar bəstələnib.
   
   8 dekabr 1914 - Xalq artisti Məmməd Allahverdi oğlu Quliyev (1914-2001) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.
   8 dekabr 1930 - Bəstəkar, Xalq artisti, professor Tofiq Əhmədxan oğlu Bakıxanov anadan olub. Simfonik muğamlar («Nəva», «Humayun», «Rahab»), “Xəzər balladası», "Şərq poeması", «Xeyir və Şər» baleti və s. əsərlərin müəllifidir.
   8 dekabr 1946 - Xalq artisti, balerina Tamilla Xudadat qızı Şirəliyeva anadan olub.
   8 dekabr 1957 - Bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəculla oğlu Fərəcov anadan olub. Müxtəlif janrlarda əsərlərin müəllifidir. Tamaşalara, “Cavad xan” filminə musiqi yazıb. Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Bəstəkarlar İttifaqının katibidir.
   8 dekabr 1942 - Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (1942 - 2.8.2009) Bakıda doğulub. Milli Dram Teatrında çalışıb. Teletamaşalarda maraqlı obrazlar yaradıb. «Ömrün səhifələri», «Dantenin yubileyi» və s. filmlərə çəkilib.
   
   9 dekabr 1918 - Yazıçı, ədəbiyyatşünas Cəlal Məmmədov (1918-1983) anadan olub. “Azərbaycan” jurnalının baş redaktoru işləyib.
   9 dekabr 1963 - Rejissor, aktyor Lətif Bəşir oğlu Səfərov (1920 - 9.12.1963) dünyasını dəyişib. “Sevil”, “Lətif” filmlərində uşaq rollarında oynayıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının ilk rəhbəri olub. 
   9 dekabr 1973 - Görkəmli aktyor Lütfəli Abdullayev (22.3.1914 - 1973) vəfat edib. Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Kinoda ilk işi 1945-ci ildə "Arşın mal alan" filmində Vəli rolu olub. "Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   9 dekabr 1991 - İslam Əməkdaşlıq Təşkilatının Seneqalın paytaxtı Dakarda keçirilən zirvə toplantısında Azərbaycan Respublikası təşkilata tamhüquqlu üzv qəbul edilib. Bu, müstəqil Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat idi. 
   
   Dünya
   
   7 dekabr 1598 - İtalyan memarı və heykəltəraşı Covanni Lorenso Bernini (Giovanni Lorenzo Bernini; 1598 - 1680) anadan olub.
   7 dekabr 1889 - Fransız filosofu, ekzistensializmin tanınmış nümayəndəsi Qabriel-Onore Marsel (Gabriel Honore Marcel, 1889 - 8.10.1973) anadan olub.
   7 dekabr 1926 - Rusiyanın Xalq artisti Pyotr Velyaminov (1926 - 14.6.2009) anadan olub. Filmləri: “Kölgələr günorta yox olur”, “Əbədi çağırış”, «Çelyuskinçilər» və s.
   
   8 dekabr 1865 - Görkəmli fin bəstəkarı Yan Sibelius (Johan Christian Julius Sibelius, 1865 - 20.9.1957) anadan olub. “Finlandiya” simfonik poeması, “Kədərli vals”, simfoniya, süitalar və s. əsərlərin müəllifidir. 
   8 dekabr 1934 - Rus aktrisası, SSRİ Xalq artisti Alisa Brunovna Freyndlix anadan olub. Filmləri: “İşdə məhəbbət macərası”, “Zolaqlıların səfəri”, “Qəddar romans” və s.
   
   9 dekabr 1048 - Böyük türk (özbək) astronomu, coğrafiyaşünas, ensiklopediyaçı alim Əl-Biruni Əbu Reyhan Məhəmməd ibn Əhməd Xarəzmi (4.9.973 - 1048) vəfat edib.
   9 dekabr 1717 - Alman sənətşünası, antik incəsənət tədqiqatçısı, arxeologiya elminin banilərindən biri Yohann İoaxim Vinkelman (Johann Joachim Winckelmann, 1717-1768) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan