Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə aşıq Rza Qobustanlı adına Mədəniyyət evində aşıq Pənahın anadan olmasının 90 illiyi ilə əlaqədar konsert proqramı keçirilib.
   İdarədən bildirilib ki, tədbirdə Azərbaycan Aşıqlar Birliyinin nümayəndəsi Altay Məmmədov aşıq Pənahın həyat və fəaliyyəti haqqında məlumat verib.
   Qeyd olunub ki, Əməkdar mədəniyyət işçisi Əlipənah Ələsgər oğlu Pənahov (aşıq Pənah) 1926-cı ildə Neftçala rayonunun Aşağı Surra kəndində doğulub. Salyan Dövlət Dram Teatrında çalışıb. Yaratdığı “Kür” aşıqlar ansamblı keçmiş SSRİ-də məşhur olub. Aşıq Pənah 1978-ci ildə vəfat edib.
   Konsertdə Əli Tapdıqoğlunun rəhbərliyi ilə “Aşıqlar” xalq kollektivi, aşıqlar Əhliman, Ağamurad, Vüqar, Gözəl Kəlbəcərli, Elçin və digərləri çıxış ediblər.
   Xanəndələrdən Rövşən Əziz, Kamilə Nəbiyeva, Tahir Quliyev aşıq Pənahın şeirlərinə bəstələnmiş mahnıları səsləndiriblər.
   Sonda aşıq Pənahın oğlu ailəsi adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.