Dekabrın 2-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Mahmud Kaşğarlı IV beynəlxalq hekayə müsabiqəsinin Azərbaycan mərhələsinin qaliblərinə mükafatların təqdimetmə mərasimi keçirildi.
   Tədbiri AYB-nin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq müsabiqə haqqında məlumat verdi. Qeyd etdi ki, Avrasiya Yazarlar Birliyi ilə birgə artıq dördüncü dəfə Mahmud Kaşğarlı hekayə müsabiqəsi keçirilir. Budəfəki müsabiqəyə 30-dan artıq hekayə təqdim olunub və münsiflər tərəfindən 3 əsərin müəllifi qalib elan edilib.
   Yazıçı-jurnalist Təranə Vahid “Mən toz dənəsiyəm” hekayəsi ilə birinci yerə layiq görülüb. “Düşərgəyə adam gəlir” hekayəsi ilə Cavid Zeynallı ikinci, “Qara buludlar” hekayəsinə görə isə Rəşid Bərgüşadlı üçüncü yeri tutub. 
   Qaliblərə diplom və pul mükafatları təqdim olundu.
   2012-ci ildə Mahmud Kaşğarlı hekayə müsabiqəsinin ölkə və beynəlxalq mərhələsinin qalibi olmuş yazıçı Əjdər Ol Azərbaycan üzrə birinci yerin sahibinin beynəlxalq müsabiqədə də uğur qazanacağına ümid etdiyini söylədi. Bildirdi ki, bu il müsabiqənin beynəlxalq mərhələsinin nəticələri Qazaxıstanın Almatı şəhərində elan olunacaq.
   Yazıçı-dramaturq Əli Əmirli hər bir müəllif haqda müsbət fikirdə olduğunu dedi, Təranə Vahidin hekayəsini xüsusi qeyd etdi: “Sevinirəm ki, Təranə Vahidi ədəbi mühitə mən təqdim etmişəm. Onun yazıları gözəl şeir kimidir. “Mən toz dənəsiyəm” hekayəsi isə onun yaradıcılığında böyük bir irəliləyiş, ciddi bir addımdır”. 
   Münsiflər heyətinin üzvləri müsabiqənin əhəmiyyətindən söz açdılar, qaliblərə uğurlar arzuladılar.
   
   Lalə