Tbilisidə səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 8-də Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
   Görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlığın mədəni sahələrdə əlaqələrin inkişafına geniş imkanlar yaratdığı bildirilib. 
   Gürcüstan ilə Avropa İttifaqının birgə təşkil etdiyi beynəlxalq forumun əhəmiyyəti, mədəni əlaqələrin inkişafındakı rolu, yaradıcı sənayenin, yeni texnologiyaların, inkişaf təşəbbüslərinin yerlərdə və regionlarda reallaşdırılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb.
   Mədəniyyətin şaxələndirilməsi, turizmin inkişafı, turistlərin sayının artım dinamikası yüksək qiymətləndirilib. Bildirilib ki, iki ölkənin digər sahələrdə olduğu kimi mədəni sahədə də əməkdaşlığı yaradıcı sənayenin inkişafına təkan verəcək.
   Görüşdə Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov, Milli Məclisin deputatı Rauf Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.