Avropa İttifaqı Şərq Tərəfdaşlığının “Mədəniyyət və yaradıcılıq” proqramı çərçivəsində seminar
   
   Dekabrın 7-də Azərbaycan Xalça Muzeyində Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığının “Mədəniyyət və yaradıcılıq” proqramı çərçivəsində “Beş il sonra media necə olacaq?” mövzusunda seminar işə başladı. Seminarda kütləvi informasiya vasitələrinin redaktorları və müxbirləri iştirak edir.
   Layihənin koordinatoru Sevinc Ağazadə çıxış edərək seminarla bağlı məlumat verdi. Bildirdi ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən proqram Moldova Soros Fondu, Polşa Milli Mədəniyyət Mərkəzi və Almaniyanın Höte İnstitutu ilə əməkdaşlıq çərçivəsində “British Council” təşkilatının rəhbərlik etdiyi konsorsium tərəfindən idarə olunur. 
   Diqqətə çatdırıldı ki, seminarı ukraynalı məşhur media eksperti və media layihələri meneceri Andrey Kulakov keçirəcək.
   Qeyd olundu ki, “Mədəniyyət və yaradıcılıq” proqramı Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin humanitar, sosial və iqtisadi inkişafı üçün mədəniyyət və yaradıcılıq sektorlarına dəstək vermək məqsədilə həyata keçirilir.
   Proqram çərçivəsində tədqiqatın aparılması və dəlillərə əsaslanmış mədəniyyət siyasətinin inkişaf etdirilməsi, mədəniyyət siyasəti sahəsində islahatlara töhfə verilməsi, mədəniyyət və yaradıcılıq sektorlarında imkanların yaradılması, dövlət sektoru, özəl sektor və ictimaiyyət arasında əməkdaşlığın gücləndirilməsi, beynəlxalq əməkdaşlıq üçün məlumatın və imkanların təmin edilməsi, davamlı inkişafda mədəniyyətin rolu barədə məlumatlılığın artırılması, bilik və qabaqcıl təcrübənin paylaşılması kimi məsələlərə dəstək göstərilməsi nəzərdə tutulub.
   
   Savalan Fərəcov