Dünya şöhrətli müğənninin 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu
   
   Dekabrın 14-də Heydər Əliyev Sarayında dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd edildi. 
   Yubiley tədbirinə toplaşanlar əvvəlcə sarayın foyesində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən təşkil edilən sənətkarın ömür yolundan və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış oldular.
   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sənətkarın ömür yolundan və Azərbaycan musiqisinin təbliğində xidmətlərindən danışdı. Bildirildi ki, yubiley tədbiri sənətkarın 100 illiyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin sərəncamına əsasən təşkil olunub.
   Qeyd olundu ki, görkəmli müğənni, səhnə ustası və ictimai xadim Rəşid Behbudov öz həyatı və yaradıcılığı ilə adını musiqi mədəniyyəti tariximizə əbədi həkk edib, gələcək nəsillərə zəngin mədəni miras qoyub.
   Diqqətə çatdırıldı ki, 1915-ci ildə Tiflisdə məşhur şuşalı xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açan R.Behbudov uşaq yaşlarından məktəb xorunda oxuyub. 1943-cü ildə Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə ekranlara çıxan film çox tez bir zamanda nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb.
   R.Behbudov 1946-1956-cı illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərib. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Hazırda Mahnı Teatrı böyük sənətkarın adını daşıyır. Xalqımızın sevilən sənətkarı 1989-cu ildə vəfat edib. 
   Nazir R.Behbudovun həyat yolunda böyük bir musiqi səltənətinin dayandığını dedi: “O, Azərbaycan adlı ulu bir məmləkəti dünyaya tanıdaraq, onun milli incəsənətinin simvoluna çevrilmişdir. Müğənninin yaradıcılığı və ictimai fəaliyyəti sənət tariximizdə xüsusi yer tutur, səsinin sehri unudulmaz sənət abidəsinə çevrilərək xalqın qəlbinə hakim kəsilmişdir. Professional musiqi sənətimizin banisi, ölməz Üzeyir Hacıbəyli Azərbaycan ifaçılıq sənətinin inkişafını istedadlı müğənnilərin, ayrı-ayrı ifaçıların adı ilə bağlayırdı. O, deyirdi ki, yüksək bədii sənət yalnız o zaman ümumxalq malı ola bilər ki, bu sənətin ən gözəl və ən istedadlı ifaçıları olsun. İstedadlı ifaçılar olmadan milli sənətin hərtərəfli inkişafı da ola bilməz. İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov təkraredilməz məlahətli səsi, xarici görünüşü və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayırdı. Sənətə vurğunluğu, qüdrətli səsi və təkrarolunmaz səs tembri, yüksək səhnə mədəniyyəti onu Azərbaycan estrada sənətinin görkəmli simasına çevirmişdir”.
   Qeyd olundu ki, Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər dünya şöhrətli bəstəkarlarımızın yaradıcılığını R.Behbudov ifası olmadan təsəvvür etmək mümkün deyil. Musiqi xəzinəmizin Azərbaycandan kənarda populyarlıq qazanması məhz onun bənzərsiz ifası, möcüzəli səs çalarları ilə mümkün olub. Xalqını sonsuz bir məhəbbətlə sevən sənətkar sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin populyarlaşmasında çox böyük rol oynayıb. Yaradıcılığı sərhəd tanımayan R.Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib. Sənətkar dəfələrlə dövrünün ən yüksək təltiflərinə layiq görülüb.
   Nazir diqqətə çatdırdı ki, ulu öndər Heydər Əliyev R.Behbudov sənətinə hər zaman yüksək qiymət verib və sənətkarın 85 illik yubiley tədbirində unudulmaz nitq söyləyib. Ümummilli lider deyirdi: “Rəşid Behbudov Azərbaycan mədəniyyəti sahəsində bənzərsiz incəsənət ustasıdır. O öz səsi və artistlik istedadı ilə böyük musiqiçidir. O həm xalq mahnılarını, həm folklor nümunələrini, həm də estrada janrının mahir bilicisidir. Rəşid Behbudovun XX əsrdə Azərbaycan musiqisində rolu danılmazdır”. 
   Əbülfəs Qarayev bildirdi ki, hər il sənətkarın doğum gününün silsilə tədbirlərlə qeyd olunması ona xalq məhəbbətinin göstəricisidir. Prezident İlham Əliyevin sərəncamı isə ölkəmizdə böyük sənət fədailərinə verilən qiymətin bariz nümunəsidir. Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq il ərzində ölkənin bütün musiqi məktəblərində, böyük konsert salonlarında tədbirlər təşkil olunub. R.Behbudovun 100 illiyi həm də onun adını daşıyan küçədə, yaratdığı teatrın qarşısında abidəsinin açılışı ilə yadda qalıb. Heykəlin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib: “Rəşid Behbudov öz həyatını musiqiyə həsr etmişdir. Onun təkrarolunmaz səsi bizim milli sərvətimizdir. Rəşid Behbudov doğma xalqına, millətinə çox bağlı insan idi. Bir çox ölkələrdə Azərbaycanı Rəşid Behbudova görə tanıyırdılar”.
   R.Behbudov sənətinin əbədiyaşarlıq qazandığını söyləyən nazir vurğuladı ki, bütün yaradıcı ömrünü xalqına bağışlayan sənətkar mənsub olduğu xalqın qəlbində əbədi yaşayacaq.
   Tədbirin bədii hissəsində öncə R.Behbudovun öz ifasında “Azərbaycan” mahnısının videolenti təqdim edildi. Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının Simfonik-estrada orkestrinin müşayiəti ilə tanınmış musiqiçilər görkəmli sənətkarın repertuarından “Tələsin, insanlar”, “Sevgilim”, “Alagöz”, “Bahar sənsiz”, “Əziz dost”, “Sənə də qalmaz”, “Gözəlim sənsən”, “Qızıl üzük” və digər mahnıları ifa etdilər.
   
   Lalə Azəri