Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iclasda iştirak edib
   
   Parisdə Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının 8-ci iclası keçirilib. Komissiyanın həmsədri, Fransanın xarici ticarət, turizmin təşviqi və xaricdə yaşayan fransızlar üzrə dövlət katibi Matias Fekl iclasda çıxış edərək ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini, hökumətlərarası komissiyanın iki ölkə arasında iqtisadi və maliyyə dialoqunun inkişafında mühüm rolunu vurğulayıb. 
   Hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri, maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, iqtisadi inkişafla bağlı strateji yol xəritələrindən danışıb. 
   İclas iki ölkə arasında müxtəlif sahələr, o cümlədən mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair məsələlərin müzakirəsi ilə davam edib.
   İclasda iştirak edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bu sahələr üzrə əməkdaşlığın inkişafı barədə danışıb.
   Yaradıcı kollektivlərin və incəsənət ustalarının iştirakı ilə qarşılıqlı qastrol və konsert proqramlarının təşkili, kinematoqrafiya sahəsində əməkdaşlıq və hər iki ölkədə keçirilən beynəlxalq film festivallarında qarşılıqlı iştirak, iki ölkənin mədəniyyət təsisatları, o cümlədən muzey, kitabxana və digər təşkilatlar arasında birbaşa əlaqələrin təşviqi barədə söz açılıb. Fransanın Luvr Muzeyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi arasında əməkdaşlığın genişləndirilməsi, incəsənət əsərləri və mədəniyyət abidələrinin bərpası sahəsində təcrübə mübadiləsi, mədəni və təbii irs obyektlərinin qorunması üzrə Fransa təcrübəsinin öyrənilməsi məsələlərindən bəhs olunub.
   Ölkə başçısının müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” barədə söhbət açan Sevda Məmmədəliyeva sənəddə yer alan müddəaların Azərbaycan ilə xarici ölkələr, o cümlədən Fransa arasında turizm əməkdaşlığının inkişafı baxımından əhəmiyyətini qeyd edib. Fransa investorlarının Azərbaycanda turizm-rekreasiya zonalarının inkişafına cəlb edilməsi təklif olunub.
   İclasda iki ölkə arasında turizm sahəsində əlaqələrin perspektivləri, Fransanın MEDEF və digər şirkətlər assosiasiyaları və Azərbaycan şirkətləri arasında birbaşa əlaqələrin intensivləşdirilməsi, Azərbaycanda aqrar turizm və turizmin digər növlərinin inkişafı üzrə Fransa təcrübəsinin öyrənilməsi, Azərbaycan Turizm və Menecment Universiteti ilə Sorbon Universitetinin Turizm üzrə Ali Təhsil və Tədqiqatlar İnstitutu (İREST) arasında əməkdaşlığın genişləndirilməsi, turizm sahəsinin müxtəlif istiqamətləri üzrə kadr hazırlığının zəruriliyi vurğulanıb.
   Çoxtərəfli çərçivədə əməkdaşlığın əhəmiyyətindən söhbət açan iclas iştirakçıları Dünya Turizm Təşkilatı çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycanda “Aleksandr Düma Qafqazda” və digər mədəni turizm marşrutlarının inkişafında Fransanın iştirakının gücləndirilməsinə dair fikir mübadiləsi aparıblar.
   Nazir müavini S.Məmmədəliyeva mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində ölkəmizdə görülən işlərdən də bəhs edərək, “Bakı prosesi” və bu ilin 25-27 aprel tarixində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu haqqında məlumat verib və Fransa tərəfini 2017-ci ilin 5-6 may tarixində Bakıda baş tutacaq IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.