Parisdə, UNESCO-nun baş qərargahında Azərbaycanın qurumdakı daimi nümayəndəliyinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Müasir cəmiyyətlərdə multikulturalizmin rolu: uğurlu Azərbaycan modeli” adlı konfrans keçirilib.
   Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edildiyini diqqətə çatdırıb, bunun ölkəmizdə multikulturalizmə, mədəniyyətlərarası dialoqa verilən önəmin təzahürü olduğunu deyib. Bildirib ki, tarixən tolerantlıq, multikulturalizm məkanı olan Azərbaycan mədəniyyətlərin yaxınlaşmasında fəal rol oynayır.
   A.Kərimov iştirakçılara Bakının ev sahibliyi etdiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumu, “Bakı prosesi” haqqında məlumat verib. Bildirib ki, Azərbaycan multikulturalizm təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır.
   UNESCO-nun Sosial və humanitar elmlər şöbəsinin rəhbəri Ann-Belinda Preis bu təşkilatın mədəniyyətlərarası dialoq üzrə ixtisaslaşmış proqramı, bu istiqamətdə həyata keçirilən fəaliyyətlər barədə danışıb.
   “İsrail-Azərbaycan” (Azİz) Beynəlxalq Assosiasiyası idarə heyətinin üzvü Arye Qut ölkəmizin tarixi, mədəniyyəti haqqında məlumat verib. O, Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşadıqlarını vurğulayıb.
   Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) müşaviri Aytən Qəhrəman multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu və BBMM-in yaradılmasının Prezident İlham Əliyevin bu siyasətə verdiyi önəmin göstəricisi olduğunu bildirib. Mərkəzin yarandığı gündən gördüyü işlər haqqında konfrans iştirakçılarına məlumat verilib.