Bakı Xoreoqrafiya Akademiyasının Elmi şurasında Azərbaycan xoreoqrafiya sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, baletmeyster, Xalq artisti Tamilla Şirəliyevanın 70 illik yubileyi qeyd olunub. 
   Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev balet ustasının həyat və yaradıcılıq yolu haqqında söz açaraq, Tamilla Şirəliyevanın Azərbaycan incəsənətində xidmətlərindən, dünya balet xəzinəsinə bəxş etdiyi töhfələrdən danışıb. Qeyd edib ki, ölkəmizdə milli xoreoqrafiya sahəsində əldə edilən nailiyyətlərin davam etdirilməsi, təbliği və tədrisi istiqamətində Tamilla Şirəliyeva uzun illərdən bəri uğurla fəaliyyət göstərir. Xalq artistinin milli balet səhnəsində yaratdığı obrazlar, incəsənətimizə misilsiz ərməğandır. Onun Bakı Xoreoqrafiya Akademiyasında çalışdığı dövrdə gənc nəslin xoreoqrafiya sahəsinə cəlb olunmasında və peşəkar balet ustası kimi yetişməsində fəaliyyəti də təqdirəlayiqdir. T.Şirəliyevanın balet sənəti sahəsində xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, o, “Şöhrət” ordeninə layiq görülüb.
   Tədbirdə yubilyara milli xoreoqrafiya sənətinin inkişafı sahəsində xidmətlərinə və uzunillik məhsuldar pedaqoji fəaliyyətinə görə Bakı Xoreoqrafiya Akademiyasının fəxri diplomu və xatirə hədiyyəsi təqdim edilib.