Bakıdakı və Moskvadakı Qara Qarayev adına məktəblər arasında müqavilə imzalanıb
   
   Moskva şəhərində dahi Azərbaycan bəstəkarı Qara Qarayev adına Uşaq musiqi məktəbinin nümayəndə heyəti paytaxtımıza səfərə gəlib. Dekabrın 14-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Qara Qarayev adına Mərkəzi incəsənət məktəbi ilə Moskva şəhər Qara Qarayev adına Uşaq musiqi məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq sənədini tədris ocaqlarının direktorları Əziz Qarayusifli və İlya Sandler imzalayıblar. 
   Bədii təhsil ocaqlarının əməkdaşlığa başlaması iki ölkə arasında mövcud olan sıx humanitar əlaqələrin bir nümunəsidir.
   Qeyd olunub ki, məktəblər arasında təcrübə mübadiləsinin aparılmasında, qarşılıqlı səfərlərin təşkilində, iki xalqın mədəniyyətlərinin yetişməkdə olan gənc nəslə çatdırılmasında, ölkəmizdə multikultural ənənələrin inkişaf etdirilməsində bu cür əməkdaşlıq əlaqələrinin qurulması böyük əhəmiyyət kəsb edir.
   Mərasimin rəsmi hissəsindən sonra Qara Qarayev adına Mərkəzi incəsənət məktəbi şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.