Elbəy Rzaquliyevin 90 illiyi qeyd olundu
   
   Dekabrın 14-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə Xalq rəssamı, Dövlət mükafatı laureatı Elbəy Rzaquliyevin anadan olmasının 90 illiyi münasibətilə xatirə gecəsi keçirildi. 
   Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev sənətkarın yaradıcılıq yolundan söz açdı. Bildirdi ki, ötən əsrin 50-ci illərinədək milli kinomuzda dəvətli, yaxud başqa xalqların nümayəndələri olan rəssamlar çalışıb, yalnız II Dünya müharibəsindən sonra Moskvada Kinematoqrafiya İnstitutunu bitirən Kamil Nəcəfzadənin, Cabbar Əzimovun, Nadir Zeynalovun kinostudiyaya gəlişi ilə bu kadr çatışmazlığı aradan qaldırılıb. Həmin kino rəssamlarından biri də Elbəy Rzaquliyev olub. Gənc və istedadlı rəssam ilk ekran işi olan «Görüş» bədii filmindən başlayaraq, «Azərbaycanfilm» kinostudiyasında lentə alınan «Doğma xalqımıza», «Qara daşlar», «Bir məhəllədən iki nəfər», «Ögey ana», «Onun böyük ürəyi», «Telefonçu qız», «Arşın mal alan» (1965) və digər filmlərdə quruluşçu rəssam kimi çalışıb. 
   Xalq artisti, kinorejissor Oqtay Mirqasım isə özündən yaşca böyük olan, qardaşı Fəridin uşaqlıq dostu olmuş rəssamı kiçik yaşlarından tanıdığından, sonralar isə quruluşçu rəssam kimi film üzərində necə çalışdıqlarından bəhs etdi. 
   Xalq rəssamı Rafis İsmayılov isə məhz Elbəy Rzaquliyevin yaradıcılığından ilhamlanaraq ali təhsil almaq üçün Kinematoqrafiya İnstitutunu seçdiyini söylədi. 
   Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Xalq rəssamı Mais Ağabəyov rəssamın həm də məhsuldar rəngkar kimi çalışmasından söz açdılar. 
   Yubilyarı xatırlayan sənət dostları Elbəy Rzaquliyevi təkcə yaxşı sənətkar kimi deyil, həm də heç bir sənət qalmaqalına qoşulmayan, bacardıqca dostlara əl tutan xeyirxah insan, gözəl ailə başçısı kimi də xarakterizə etdilər. O da qeyd olundu ki, rəssam həyat yoldaşı Sevinc xanımı - öz ilham pərisini erkən itirməsəydi, daha çox əsərlər yaradardı. 
   «Yaddaş» sənədli filmlər studiyasında «Azərbaycanın xalq rəssamları» silsiləsindən görkəmli sənətkarın 80 illiyi münasibətilə sənədli film çəkmiş rejissor Mübariz Nağıyev isə on il geriyə qayıdaraq, film üzərində işlədiyi günləri, Elbəy Rzaquliyev ilə ünsiyyətini xatırladı. Sonra həmin film nümayiş etdirildi. 
   Filmin nümayişindən sonra Elbəy Rzaquliyevin övladları - Aytən və Aytac Rzaquliyevalar atalarının xatirəsinə göstərilən ehtirama görə təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlıqlarını bildirdilər. 
   
   Gülcahan Mirməmməd