Dekabrın 14-də Azərbaycan Bəstəkarlar İttifaqında bəstəkar, Əməkdar incəsənət xadimi, professor Azər Dadaşovun 70 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi.
   İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək bəstəkarın yaradıcılığından söz açdı. Bildirdi ki, ötən əsrin 70-ci illərində Azərbaycan musiqi aləmində maraqlı əsərləri ilə tanınmağa başlayan Azər Dadaşov öz üzərində işləyən, uğurları ilə kifayətlənməyən bəstəkardır. Müxtəlif janrlı əsərlərində xalq musiqisinə bağlılığı, əsası Üzeyir bəy tərəfindən qoyulan bir sıra ənənələrin davamını müşahidə edirik. Musiqi aləmində öz fərdi üslubunu yaradan bəstəkar milli ənənəviliyi yaradıcılıq süzgəcindən keçirərək maraqlı nümunələr ərsəyə gətirib. 
   Qeyd edildi ki, dahi bəstəkar Qara Qarayevin tələbəsi olan A.Dadaşov zəngin yaradıcılıq axtarışları ilə musiqimizin inkişafına və təbliğinə layiqli töhfələr verib, 10 simfoniya, bir çox janrda yazılmış musiqi əsərlərinin, o cümlədən 20-dən çox filmə bəstənin müəllifidir. Əsərləri dünyanın bir sıra nüfuzlu orkestrləri tərəfindən ifa olunub.
   Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarovanın Azər Dadaşovun yaradıcılığı haqqında məruzəsi dinlənildi. Bildirildi ki, bəstəkar rəngarəng yaradıcılığında konsert janrına dəfələrlə müraciət edib. Musiqiçinin fleyta və orkestr üçün, alt və orkestr üçün və fortepiano və kamera orkestri üçün konsertləri özünəməxsusluğu ilə seçilir.
   Əməkdar müəllim, professor Ülviyyə İmanova, Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Leyla Məmmədova və sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva bəstəkarın yaradıcılığının müxtəlif istiqamətlərini əhatə edən məruzələrlə çıxış etdilər.
   Tədbirin bədii hissəsində Q.Qarayev adına Mərkəzi incəsənət məktəbi, R.Behbudov adına 2 saylı 11 illik Musiqi məktəbinin şagirdləri və “Bənövşə” uşaq xorunun ifasında bəstəkarın “Ana torpaq”, “And yerimiz” və s. əsərləri səsləndirildi.
   Sonda Azər Dadaşov tədbirin təşkilatçılarına və iştirakçıların minnətdarlığını bildirdi.
   
   Savalan Fərəcov