Bu il tanınmış Azərbaycan bəstəkarı Nazim Əliverdibəyovun anadan olmasından 90 il keçir. Yubiley ilə əlaqədar bəstəkarın irsi yenidən araşdırılır, onun əsərlərindən ibarət konsert proqramları tərtib edilir. 
   Dekabrın 16-da Akademik Opera və Balet Teatrında bəstəkarın Mirzə Şəfi Vazehin şeirlərinin motivləri əsasında yazdığı «Muğam» baletinin premyerası baş tutub. 
   Xatırladaq ki, 9 dəqiqəyə yaxın davam edən xoreoqrafik miniatür ilk dəfə 1972-ci ildə oynanılıb. O zaman əsərə xoreoqraflar, xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov quruluş veriblər, tamaşanın quruluşçu rəssamı isə Tahir Tahirov olub. Əsas partiyaları Tamilla Şirəliyeva və Vladimir Pletnyov ifa edib. Şeirləri isə Azərbaycanın tanınmış aktrisası və qiraət ustası Vera Şirye söyləyib. Sonralar «Muğam» Moskvada baletmeysterlər və balet artistlərinin III Ümumittifaq müsabiqəsində uğurla oynanılıb, xarici ölkələrə qastrol səfərlərində dəfələrlə nümayiş etdirilib. 
   Bizim günlərdə bərpa edilmiş bu xoreoqrafik miniatürü teatrın solistləri - Q.Almaszadə adına I Klassik və Milli Rəqs Müsabiqəsinin Qran-pri mükafatçısı Cəmilə Kərimova və Makar Ferştandt təqdim ediblər. Gənc solistlərin məşq prosesində Rəfiqə xanım və Maqsud müəllim şəxsən iştirak edib, onlara öz tövsiyələrini veriblər. İfaçılar elə 1972-ci ildə lentə alınmış musiqi əsərinin lent yazısının sədaları altında çıxış ediblər. 
   
   G.Mirməmməd