Dekabrın 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, şair-publisist, Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin 60 illik yubileyi qeyd edilib.
   Mərasimdə çıxış edən AYB-nin sədri, Xalq yazıçısı Anar Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusundan, yazıçı və şairlərimizin ordu ilə əlaqələrindən danışıb. Müdafiə Nazirliyində yazıçılarla keçirilən görüşü xatırladan AYB-nin sədri bildirib ki, bugünkü yubiley tədbiri də bu əməkdaşlığın bir nümunəsidir. Xalq yazıçısı yubilyarı təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
   Sonra Abdulla Qurbaniyə Yazıçılar Birliyinin fəxri fərmanı təqdim olunub. AYB-nin sədrinə isə Respublika Veteranlar Təşkilatının “Veteran həmrəyliyi” medalı təqdim edilib.
   Xalq şairi Fikrət Qoca yubilyarın həyat yolundan, bədii yaradıcılıq axtarışlarından söz açıb. Qeyd olunub ki, vaxtilə Xalq yazıçısı Mirzə İbrahimovun Şərurda ilk məktəb muzeyi yaratdığına görə “möcüzə”, Xalq yazıçısı Süleyman Rəhimovun “od-alov” adlandırdığı gənc Abdulla bu gün şair, publisist, rejissor və polkovnik Abdulla Qurbanidir. O, onlarla kitabın, hərbi vətənpərvərlik mövzusunda mahnının, hərbi marş, oratoriya və s. musiqi əsərlərinin sözlərinin müəllifidir. 
   AZƏRTAC-ın baş direktorunun müavini, şəhid atası Dağbəyi İsmayılov bildirib ki, Abdulla Qurbaninin ssenarisi ilə keçirilən kütləvi vətənpərvərlik tədbirləri, televiziya tamaşaları, şəhidlərə həsr etdiyi şeirlər mükəmməl vətənpərvərlik dərsidir. 
   Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, ədəbiyyatşünas, professor Ənvər Əhməd və digər çıxış edənlər yubilyarı gözəl insan, zəhmətkeş ziyalı kimi dəyərləndirərək ona ən xoş arzularını çatdırıblar.
   Ölkəmizdə veteran hərəkatının gücləndirilməsində xidmətlərinə görə Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin qərarı ilə Abdulla Qurbani “General Həzi Aslanov” yubiley medalı ilə təltif olunub. Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov medalı təqdim edib.
   Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Abdulla Qurbani bundan sonra da sözün və Vətənin keşiyində duracağını, yeni əsərləri ilə Azərbaycan ədəbiyyatına töhfələr verəcəyini bildirib.