Kitabda Xalq yazıçısı Elçinin yaradıcılığına həsr olunmuş məqalələr toplanıb
   
   Dekabrın 21-də M.F.Axundzadə adına Milli Kitabxanada tanınmış tənqidçi Əsəd Cahangirin Xalq yazıçısı Elçinin yaradıcılığına həsr olunan “On üçüncü gecə” kitabının təqdimat mərasimi keçirildi. Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxananın təşkilatçılığı ilə gerçəkləşdi.
   Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid tədbiri açaraq kitab haqqında məlumat verdi. Bildirdi ki, nəşrdə Əsəd Cahangirin Xalq yazıçısının yaradıcılığına həsr etdiyi məqalələri toplanıb. Müxtəlif vaxtlarda dövri mətbuatda dərc olunan, Elçinin ayrı-ayrı bədii əsərlərinə, məqalələrinə həsr olunan yazılardan ibarət kitab müəllifin oxucularla dördüncü görüşüdür. İndiyə qədər onun “Qədim türk ədəbiyyatının linqvistik poetikası”, “Ağ saç, qara saç”, “Kim yatmış, kim oyaq” kitabları işıq üzü görüb. 
   Rəşad Məcid Elçinin əsərlərinin böyük fəlsəfi yükə malik olduğunu qeyd etdi: “Onun romanları bizim nəslin yaddaşına yazılıb, düşüncələrimizin formalaşmasına xidmət edib. Yazıçının roman və povestlərində gələcək həyatımıza işıq tutan məqamlar çoxdur. Əsəd Cahangirin bu kitabında publisist dil elmi dillə qovuşur və kitabı daha da maraqlı edir”.
   Ədəbiyyatşünas, professor Qəzənfər Paşayev dramaturgiyamızın istedadlı nümayəndəsi, Xalq yazıçısı Elçinin əsərlərinin təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanındığını vurğuladı. Bildirdi ki, kitabda Elçinin yaradıcılığına fərqli baxış hiss olunur. Bu əsər ilə tənqidçi yazıçını sevdirmək istedadını üzə çıxarıb. Onun hər bir bədii əsərlə bağlı özünəməxsus müşahidə və təhlil qabiliyyəti var: “Tənqidçilərin işi həqiqəti deməkdən ibarətdir. Elçin öz təfəkkürünə görə nə qədər fərqlidirsə, dünya ədəbiyyatşünaslığını bilən Əsəd Cahangir də onun yaradıcılığına bir o qədər fərqli yanaşıb”.
   Millət vəkili, yazıçı-publisist Aqil Abbas, AYB-nin katibi İlqar Fəhmi, rejissor Bəhram Osmanov, professor, şair Ənvər Əhməd, nasir, tərcüməçi Yaşar Əliyev, kitabın redaktoru, yazıçı Mustafa Çəmənli və digərləri çıxış edərək nəşrin əhəmiyyətindən danışdılar. 
   Qeyd olundu ki, Əsəd Cahangir müraciət etdiyi hər bir roman haqqında sanki roman yazır və öz obyektivliyini heç kimə güzəştə getmir. O, tənqidi məqalələrində dərinə varır, əsərdə baş verənləri psixoloji süzgəcdən keçirir. Bu yanaşma ilə əsərdəki obrazları reallığın arxasındakı aləmə aparır. 
   Sonra müəllif Əsəd Cahangir təqdimat mərasimində iştirak edən hər kəsə təşəkkürünü bildirdi.
   Sonda tədbir iştirakçıları Milli Kitabxana tərəfindən hazırlanmış "Xalq yazıçısı Elçin" adlı geniş kitab sərgisi ilə tanış oldular. Sərgidə yazıçının əsərləri, xarici dillərə tərcümə olunmuş kitabları, müxtəlif xalqların ədəbiyyatından tərcümələri, tərtib etdiyi, ön söz yazdığı, redaktoru və layihə rəhbəri olduğu nəşrlər nümayiş olunur.
   
   Lalə Azəri