Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun innovasiya fəaliyyəti və distant təhsil formaları üzrə prorektoru Marina Yaskeviç, Əlavə təhsil fakültəsinin dekanı Yelena Pavliçeva, institutun professorları Natalya Bojenkova və Elxan Əzimov Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda olublar.
   Fondun icraçı direktoru Oktay Səmədov qonaqları salamlayaraq, fəaliyyətləri, həyata keçirdikləri layihələr haqqında məlumat verib. Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycanın bölgələrində yaradılmış Bilik evlərində digər təlimlərlə yanaşı, rus dili üzrə kursların da fəaliyyət göstərdiyini vurğulayan O.Səmədov bu xüsusda A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu ilə əməkdaşlığın önəmini diqqətə çatdırıb. 
   İnstitutun prorektoru M.Yaskeviç səmimi qəbula və qarşılıqlı etimad doğuran mühitə görə təşəkkürünü bildirib. Fondun maraqlı və diqqətçəkən layihələr həyata keçirdiyini deyən prorektor bir çox sahələrdə uğurlu əməkdaşlığın qurulacağına əminliyini ifadə edib. 
   Söhbət zamanı Bilik Fondunda institutun Tərəfdaşlıq şəbəkəsi mərkəzinin açılmasının birgə fəaliyyət üçün geniş imkanlar yaradacağı qeyd olunub, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.