Məşhur livanlı müğənni Abeer Nehmənin Azərbaycan musiqisinə həsr etdiyi sənədli verilişin üçüncü hissəsi ərəb ölkələrində tanınan “Al Mayadeen” televiziya kanalının “Etnofoliya” (Ethnopholia) verilişində yayımlanıb.
   Üçüncü sənədli filmdə qədim milli musiqi alətlərimiz təqdim olunur, aşıq musiqisindən söz açılır. Lahıca səfər edən livanlı müğənni burada geniş yayılan xalçaçılıq sənəti haqqında da məlumat verir.
   Qeyd edək ki, Abeer Nehmə müxtəlif ölkələrin milli musiqilərindən ibarət sənədli filmlər hazırlayır. O, Azərbaycanın Fransadakı səfirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə ölkəmizdə olub və muğam, aşıq və caz musiqisinə dair üç hissədən ibarət sənədli film hazırlayıb. Filmin musiqi tərtibatçısı və koordinatoru Fransada yaşayan həmyerlimiz Aytən Muradovadır.
   Azərbaycan musiqisinə məftun olan Abeer Nehmə ölkəmizə səfərindən sonra “Küçələrə su səpmişəm” və “Getmə-getmə” mahnılarını repertuarına daxil edib. Üçüncü filmdə livanlı müğənni “Sarı gəlin” mahnısını ifa edir.
   “Etnofoliya” sənədli filmlərinin musiqi məsləhətçisi Alen Veber artıq neçə illərdir ki, Azərbaycan musiqiçilərinin çıxışını Fransada, eləcə də Hindistan, Mərakeş və Belçikada özünün iştirak etdiyi musiqi festivallarının proqramına daxil edir.