Misirin Qahirə Universitetinin professoru Əhməd İbrahim Dərviş Məhəmməd və məşhur misirli xəttat, Əşrəf Əhməd Ubeyd AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. 
   Misirin ölkəmizdəki səfirliyindən verilən məlumata görə, ərəb dili və ədəbiyyatı sahəsində mütəxəssislərlə keçirilən görüşdə ərəb dilində yazmış azərbaycanlı müəlliflərin əsərlərinin tədqiq olunmasının zəruriliyi vurğulanıb.
   Səfirliyin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami əl-Aydi ərəb dilinin əhəmiyyəti barədə, o cümlədən BMT tərəfindən 18 dekabr tarixinin “Beynəlxalq ərəb dili günü” kimi qeyd edilməsi barədə danışıb.
   Qahirə Universitetinin professoru Əhməd İbrahim Dərviş Məhəmməd Azərbaycanda olduğu müddətdə institutda saxlanılan ərəbdilli əlyazmalardan istifadə etmək istədiyini bildirib.
   Tədbir iştirakçıları Əşrəf Əhməd Ubeydin institutun sərgi salonunda nümayiş etdirilən xətt növləri ilə də tanış olublar.
   
   S.Qaliboğlu