Dekabrın 26-da Nizami Kino Mərkəzi “British Council Azərbaycan” və “Cool Connections” şirkəti ilə birgə şəhər sakinlərinə dahi ingilis şairi və dramaturqu Uilyam Şekspirin “On ikinci gecə” komediyası əsasında səhnələşdirilmiş tamaşanı rus dilində alt yazılarla təqdim edəcək. Tamaşanın rejissoru Tim Karroldur. 
   "On ikinci gecə" komediyası həsrət və itirilmiş sevgiyə həsr olunmuş təsiredici tamaşadır. İlk dəfə 1601-ci ildə "Globe" teatrında təqdim olunmuş səhnə əsərində Şekspirin bir zamanlar bəstələdiyi musiqi əsərləri də səslənir. Rolları aktyorlar Stiven Fray, Mark Raylens, Semyuel Barnett, Layam Brennan, Pol Çahidi, Con Pol Konnolli, İen Drisdeyl və Conni Flinn ifa ediblər.
   Xatırladaq ki, “British Council Azərbaycan”, “Cool Connections” şirkəti və Nizami Kino Mərkəzi birgə layihə çərçivəsində Bakı sakinlərinə Britaniyanın Milli Teatrı, Şekspir Qlobus Teatrı, “Royal Opera House Covent Garden” kimi dünya səviyyəli teatrlarının ən yeni və ən uğurlu tamaşalarını təqdim edir.
   Layihənin missiyası tamaşaçıya ölkəsini tərk etmədən, yüksək keyfiyyətlə lentə alınmış dünya teatr şedevrlərini izləməyə imkan yaratmaqdır.