Dekabrın 26-da milli musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Prezident təqaüdçüsü, xanəndə Ağaxan Abdullayevin cənazəsi son mənzilə yola salınıb.
   Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva vida mərasimində iştirak edib, unudulmaz sənətkarın ailə üzvlərinə və qohumlarına dərin hüznlə başsağlığı verib.
   Mərhumun cənazəsi Suraxanı rayon Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdu.
   Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından, Heydər Əliyev Fondunun kollektivi adından əklillər düzülmüşdü. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər qoyulmuşdu.
   Ağaxan Abdullayevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri mədəniyyət sarayının binasına gəlir, görkəmli sənətkara son borclarını verirdilər.
   Matəm mərasimini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq deyib ki, Ağaxan Abdullayev Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz dəst-xətti olan sənətkardır. O, milli musiqi ifaçılığında özünəməxsus yol açıb. A.Abdullayevin klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan sənət yolu milli musiqimizdə bir yenilik idi və muğam sənətinə münasibətdə, mahnı ifaçılığında özünü qabarıq şəkildə göstərirdi.
   Bildirilib ki, sənətkar ömrünün 40 ilini Azərbaycan musiqisinə həsr edib. Görkəmli xanəndə Azərbaycanı qarış-qarış gəzib-dolaşıb, dünyanın 20-dən çox ölkəsinə qastrol səfərlərinə çıxıb. Hər yerdə Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını böyük şövqlə, ustalıqla ifa edib, nə oxuyubsa ürəkdən oxuyub. Onun Azərbaycan musiqisinin inkişafı naminə gördüyü işlər hər zaman yüksək qiymətləndirilib və xanəndə fəxri adlar, orden və medallarla mükafatlandırılıb.
   Nazir vurğulayıb ki, Ağaxan Abdullayevin ifa etdiyi muğam dəsgahlarının audio və videoyazıları Azərbaycan Televiziyasının “qızıl fond”unda saxlanılır.
   Diqqətə çatdırılıb ki, xanəndə pedaqoji və maarifçilik fəaliyyətinə böyük önəm verib. O, 1977-ci ildən A.Zeynallı adına Musiqi Məktəbində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edib, bir çox tanınmış xanəndələrin ustadı kimi tanınır. O, dəfələrlə televiziya muğam müsabiqələrinin münsiflər heyətinin üzvü olub.
   Nazir vurğulayıb ki, Ağaxan Abdullayevin sənəti solmaz və əbədiyaşardır. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə, əsrlərə ünvanlanıb.
   Vida mərasimində çıxış edən xalq artistləri Arif Babayev, Alim Qasımov və Siyavuş Kərimi Ağaxan Abdullayevin ifaçılıq məharətindən, muğamlarımızın təbliği, tanıdılması naminə gördüyü fədakar işlərdən danışıblar. Bildirilib ki, o, musiqi və mədəniyyət tariximizdə əbədi qalmaq haqqını qazanmış sənətkarlardandır.
   Mərhumun ailəsi adından çıxış edən oğlu Xoşbəxt Abdullayev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirib.
   Sonra böyük sənətkarın cənazəsi son mənzilə yola salınıb.
   Mərhum Türkanda kənd qəbiristanlığında torpağa tapşırılıb.