Yazıçı-dramaturq Elçin Hüseynbəylinin 55 illik yubileyi qeyd olundu
   
   Dekabrın 26-da Azərbaycan Teatr Xadimləri İttifaqında yazıçı-dramaturq Elçin Hüseynbəylinin 55 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirə ölkənin teatr ictimaiyyətinin nümayəndələri, yazıçı və şairlər, səbəbkarın yaxın dostları yığışmışdı. 
   Tədbirin aparıcısı, Xalq artisti, TXİ İdarə Heyətinin sədr müavini Hacı İsmayılov yubilyar barədə məlumat verdikdən sonra onu ilk təbrik edən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev oldu. Çingiz müəllim Elçin Hüseynbəylinin təmsil etdiyi qurumda, «Ulduz» jurnalına rəhbərlik etdiyi illərdəki fəaliyyətindən danışdı. Həmişə «cavan oğlansan» dediyi yazıçının artıq 55 yaşına yetişdiyini zarafatla vurğuladı. 
   Qocaman şair Oqtay Rza, yazıçı Yunus Oğuz isə Elçin Hüseynbəylinin əsərləri barədə öz fikirlərini bölüşdülər. Bildirildi ki, yazıçı-dramaturqun əsərləri ingilis, rus, alman, fransız, polyak, fars və digər dillərə tərcümə olunub, türkdilli xalqların dillərinə uyğunlaşdırılıb. Kitabları Türkiyə, Rusiya, Litva, Özbəkistan və Gürcüstanda nəşr olunub.
   Xalq artisti, TXİ İdarə Heyətinin sədri Azərpaşa Nemət yubilyarın 9 pyesinin ölkəmizin teatrlarında oynanıldığını deyərək, yaradıcılıq qurumunun «Zəfər» studiyasında Əməkdar artist Nofəl Vəliyevin quruluş verdiyi «Qaçaq qocalar» pyesinin festivallarda qazandığı uğurlardan söz açdı. Sonra o, Teatr Xadimləri İttifaqının hədiyyəsini yubilyara təqdim etdi. 
   Lakin əsl hədiyyə irəlidə imiş. Belə ki, Qarabağ dərdindən fərqli şəkildə söz açan, cavan ikən doğma yurddan perik düşmüş, artıq yaşlaşmış iki qocanın xəlvəti doğma kəndə qayıtmasından bəhs edən «Qaçaq qocalar» tamaşası yubilyarın şərəfinə oynanıldı. Aktyorlar Kərəm Hadızadə, Məsumə Babayeva və Bəhruz Vaqifoğlunun iştirak etdiyi tamaşa alqışlarla qarşılandı. 
   Sonda müəllif Elçin Hüseynbəyli bu tədbirə görə təşkilatçılara və qonaqlara minnətdarlığını bildirdi. 
   
   G.Mirməmməd