Sumqayıt şəhər Əli Kərim adına Poeziya evində şəhər İcra Hakimiyyətinin dəstəyi və Mədəniyyət və Turizm idarəsinin təşkilatçılığı ilə AYB Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvanın 60 illik yubiley gecəsi keçirilib. Şair Əjdər Ol, AYB-nin katibi İlqar Fəhmi və digər çıxış edənlər yubilyarın həyat və yaradıcılığından danışıb, ona xoş arzularını çatdırıblar. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov şairə fəxri fərman və hədiyyə təqdim edərək yaradıcılıq uğurları arzulayıb. Gecədə muğam üçlüyünün ifasında səslənən musiqilər, Sumqayıt Dövlət Dram Teatrı aktyorlarının səsləndirdikləri şeirlər dinləyicilər tərəfindən maraqla qarşılanıb. Sonda şair Sabir Sarvan gecənin təşkilatçılarına, şəhər rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib, müxtəlif illərdə yazdığı şeirlərini oxuyub.