Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə poeziya gecəsi keçirilib
   
   Dekabrın 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Söz” ədəbi layihəsi çərçivəsində poeziya gecəsi keçirilib.
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, gənc şairə Leyla Əliyeva iştirak edib.
   Gecədə poeziyasevərlər, gənc şairlər müxtəlif mövzularda şeirlər səsləndiriblər.
   Tədbirdə, həmçinin Rusiya, Fransa və Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri poetik parçalar, o cümlədən Bakı haqqında şeir söyləyiblər. Eyni zamanda Leyla Əliyeva öz şeirlərini tamaşaçılar üçün təqdim edib.
   İl ərzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan “Söz” ədəbi layihəsi ədəbiyyata, poeziyaya marağın və diqqətin artırılması ilə yanaşı, ölkəmizin mədəniyyətinin təbliği, klassik və müasir ədəbiyyatımızın dünyada tanıdılması, yeni istedadlı yazarların aşkar olunması, müxtəlif ölkələrin mədəniyyətlərinin öyrənilməsi və bununla həm də multikultural ənənələrin yaşadılması baxımından əhəmiyyətlidir.
   Tədbir iştirakçıları Leyli Ələkbərovanın Milli İncəsənət Muzeyində nümayiş etdirilən “Qadın portretləri” fotolayihəsi ilə də tanış olublar.