Dekabrın 24-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib.
   Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, 2016-cı ildə KİVDF-nin ayrılıqda və müxtəlif qurumlarla birgə keçirdiyi 10 müsabiqəyə ümumilikdə 806 yazı təqdim olunub, onlardan 445-i mükafatlara layiq görülüb. Noyabrın 8-dən dekabrın 15-dək KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirilən axırıncı müsabiqəyə 160 yazı təqdim edilib və 114 yazı (bir 1-ci, iki 2-ci, üç 3-cü yer) mükafatlandırılıb. Dekabrın 23-də 2-ci və 3-cü yerlərə layiq görülmüş media nümayəndələrinə mükafatlar təqdim olunub.
   Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov qalibləri təbrik edib, belə müsabiqələrin əhəmiyyətindən danışıb. 
   Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, dövlət yeddi ildir KİVDF vasitəsilə mediaya yardım göstərir: “Bütün bunlar ona görə edilir ki, siz Azərbaycan cəmiyyətindəki ictimai funksiyanızı, rolunuzu bundan sonra da dolğun şəkildə və bacarıqla həyata keçirəsiniz. Azərbaycan bu gün dünyada böyük nüfuz, hörmət qazanıb. Bununla yanaşı, onun əleyhdarları da az deyil. Regionda və beynəlxalq aləmdə Azərbaycanı istəməyən missioner təşkilatlar var ki, onlar xalqımızın birliyini, inkişafını görmək istəmir və qarşımızda müxtəlif maneələr yaradırlar. Bütün bu sahələrdə jurnalistlərin köməyinə ehtiyacımız var və düşünürəm ki, siz də bu köməyinizi dövlətdən və xalqdan əsirgəməyəcəksiniz”.
   Əli Həsənov çıxışının sonunda tədbir iştirakçılarına və bütün jurnalistlərə yeni yaradıcılıq uğurları arzulayıb.
   Sonra müsabiqədə birinci yeri tutan jurnalistlərə mükafatlar verilib.