Yanvarın 18-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Aleksandr Qlazunovun “Raymonda” baleti nümayiş olunacaq. Teatrın saytında yer alan məlumata görə, səhnə əsərində gənc balet artisti Timur Əsgərov Jan de Briyen obrazını canlandıracaq.
   T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2014-cü ildə gənclər üçün Prezident mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhad partiyasını oynayıb.