“Şahdağ” Turizm Mərkəzində keçirilən builki Yeni il şənlikləri əsl qış nağılını xatırladaraq, qonaqlarda unudulmaz təəssürat yaradıb. Mərkəzdən verilən məlumata görə, bayram günlərində qonaqların istirahəti yüksək səviyyədə təşkil edilib, Yeni il şənlikləri, möhtəşəm atəşfəşanlıq, gecə saatlarınadək davam edən konsert proqramı turistlərin zövqünü oxşayıb.
   “Şahdağ” Turizm Mərkəzinin fəaliyyətdə olduğu 5 mövsüm ərzində budəfəki bayram tətili müddətində turistlərin rekord sayı ilə yadda qalıb. Belə ki, bayram günləri ərəfəsində 20 mindən çox turist qəbul edən mərkəzdə təkcə 2 yanvar tarixi üçün 6 min nəfərdən çox turist qeydə alınıb. Ümumilikdə, qış mövsümü açılandan - 15 dekabr tarixindən bu günədək “Şahdağ”ı ziyarət edənlərin sayı 35 min nəfərdən çox olub.
   “Şahdağ” Turizm Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə keçirilən tədbirlər çərçivəsində yanvarın 4-də gənc dramaturq Rəvan Tohidoğlunun “Taleyin oyunu” əsəri əsasında hazırlanan teatr tamaşası da səhnəyə qoyulub. Cəmiyyətimizin müasir problemlərinə toxunulan və tamaşaçılara əxlaqi-tərbiyəvi mesajlar ötürən əsərin səhnələşdirilməsində Qusar Dövlət Ləzgi Dram Teatrının 12 nəfərdən ibarət aktyor heyəti iştirak edib. Komediya janrında olan tamaşada aktyorların çıxışları alqışlarla qarşılanıb.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzində Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə daim diqqət ayrılır. Ötən mövsümlərdə də qonaqların istirahətini maraqlı təşkil etmək, onların bayram tətilini daha da yaddaqalan etmək məqsədilə Mirzə Fətəli Axundzadənin “Hekayəti-xırs quldurbasan” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərləri səhnələşdirilərək nümayiş olunub.
   
   Fariz Hüseynov