Ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ekoloji turizmə xüsusi yer ayrılıb. Sənəddə Azərbaycanın ekoloji turizm potensialının araşdırılması və milli parklarda müxtəlif turizm fəaliyyətləri təşkil edilməsi əksini tapıb. 
   Strateji Yol Xəritəsində qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Azərbaycanın ekoloji turizm imkanlarının tədqiqini həyata keçirəcək və bunun əsasında milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı tədbirlər planı hazırlayacaq. Bu fəaliyyətə milli parklarda potensial turizm kampinq yerlərinin müəyyən edilməsi və işlənib hazırlanması üzrə də təkliflərin irəli sürülməsi daxildir. Təhlil nəticəsində məqsədəmüvafiq hesab edilərsə, bu kampinq yerlərinin işlədilməsi özəl operatorlara da həvalə oluna bilər.
   “Azərbaycanda ekoturizm” albomu hazırlanaraq nəşr olunacaq və onlayn platformalarda yerləşdiriləcək, eyni zamanda ekoturizm üzrə internet portalının yaradılması məsələsi nəzərdən keçiriləcək.
   Strateji Yol Xəritəsində 2017-2020-ci illər ərzində Şamaxı Safari Parkının yaradılması və təşviqi də əksini tapıb. Şamaxı Safari Parkının yaradılması ilə bağlı aidiyyəti qurumların iştirakı ilə müvafiq tədbirlər görüləcək və bu parkın gələcəkdə onlayn platformalar və digər vasitələrlə təşviqi həyata keçiriləcək.