Azərbaycanın Argentinadakı səfirliyinin dəstəyi ilə bu ölkənin ictimai-siyasi, diplomatik və işgüzar dairələri arasında xüsusi nüfuza malik “Imagen Diplomatica” jurnalının “Azərbaycan: müqəddəs Qafqaz ətəklərində, cəsur övladların Odlar yurdunda inkişaf və sülh” adlı buraxılışı işıq üzü görüb.
   Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nəşrin Azərbaycana həsr olunan sayı jurnalın 10 illik yubiley buraxılışıdır.
   Üz qabığında Heydər Əliyev Mərkəzinin əks olunduğu jurnalda “Azərbaycan və onun inkişaf strategiyası”, “Argentina və Azərbaycan”, “Argentina və Azərbaycan arasında yüksək səviyyədə əlaqələr davam edir”, “Azərbaycanda turizm”, “Polo və çövkən”, “Bakıda “Formula-1 Qran-prisi”, “Azərbaycan şərabları”, “Azərbaycan xalçaları: toxuma mədəniyyəti”, “Bakı şəhərinin memarlığı” və s. mövzularda məqalələr və fotoşəkillər yer alıb.
   Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanovun müəllifi olduğu “Azərbaycan və onun inkişaf strategiyası” başlıqlı məqalədə ölkəmizdə müsəlman Şərqində ilk parlamentli respublikanın, habelə teatr, opera, balet kimi mədəniyyət nümunələrinin əsasının qoyulduğu bildirilib. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlar, Azərbaycanda multikulturalizm ənənələri, ölkəmizdə təşkil olunmuş beynəlxalq əhəmiyyətli tədbirlər, Azərbaycan-Argentina münasibətləri barədə ətraflı məlumat verilib. 
   “Azərbaycanda turizm” məqaləsində “Səfər edən hər kəs üçün Azərbaycan inkişaf etmiş, tarix və müasirliyi, təbiət və texnologiyanı, sülh və hərəkətliliyi özündə birləşdirən bir məkandır. Bunun sayəsində Odlar Yurdu bütün dünyadan bura gələn turistləri, xüsusilə də argentinalıları cəlb edir” kimi fikirlər yer alıb.
   Jurnalın Azərbaycana həsr olunmuş buraxılışı oxucuların böyük marağına səbəb olub.