Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Mədəniyyət.AZ” jurnalının növbəti sayı rəngarəng və maraqlı yazılarla oxucuların görüşünə gəlib. 
   Nəşrin bu sayında “Tarix” bölümündə suveren dövlətimizin şanlı atributları - Konstitusiya və Bayraq günlərinə həsr olunmuş “Müstəqil dövlətin hüquqi bazası” və “Üçrəngli bayrağınla məsud yaşa!” məqalələri yer alıb. “Azərbaycan bayrağı” şeiri isə səhifənin bədii yükünü artırır.
   Ədəbiyyat, söz xiridarları da bu sayda kifayət qədər materiallar tapa biləcəklər. Unudulmaz şairimiz Səməd Vurğunun həyat və fəaliyyətini canlandıran “Əsərlər və övladlar yadigar qoyan şair”, “Turan Cavidin son söhbəti”nin davamı, vaxtilə balacalar üçün “Əlifba”dan sonra ikinci dərslik sayılan “Göyərçin” dərgisinin baş redaktoru, məşhur şair Tofiq Mahmud haqqında “Uşaq dünyasının yorulmaz səyyahı” bu qəbildəndir. 
   “Teatr” bölümünün əsas məqaləsi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə noyabr ayında uğurla baş tutan IV Beynəlxalq Teatr Konfransına həsr edilib. 
   “Ramiz Fətəliyev - 70, yaxud yaxşı ssenari müəllifinin azərbaycanlı olmasının “qəribəliyi” adlı müsahibədə görkəmli kino xadimi ömrünün yetmişinci dolayından geri boylanaraq xatirələrini, kino sənəti haqqındakı düşüncələrini bölüşür...
   Bunlardan başqa, “Rəngkarlıq”da rəssam Namiq Məmmədovun “xoşbəxtlik formulu”, “Abidələrimiz”də İtaliyada reallaşdırılan arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası, “Ənənə”də Göyçayda keçirilən Nar bayramı və digər qeydlərlə də tanış ola bilərsiniz. “Bakı turistlərin gözü ilə” yazısında gündən-günə inkişaf edən, bununla yanaşı, qədimliyini, milli koloritini də qoruyub saxlamağı bacaran paytaxtımızın dünyanın nəzərini cəlb edən məkanları barədə danışılır.
   “Elm” bölümündə isə gənc alimlərin, tədqiqatçıların müxtəlif mövzulu məqalələri, araşdırmaları yer alıb.