XVII əsrdə Türkiyədə mövləvi təriqətinin aparıcı nümayəndələrindən olmuş istedadlı şair Dərviş Osman Sinəçakın “Gülşəni-ürfan” əsəri “Ekoprint” nəşriyyatında çapdan çıxıb.
   Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan bildiriblər ki, əsər bu elm müəssisəsinin elmi şurasının qərarı ilə nəşr olunub.
   Nəsr və nəzmlə növbələnən əsəri Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyal transfonoliterasiya edərək nəşrə hazırlayıb. O, kitaba yazdığı “Ön söz”də əsərin dil və üslub xüsusiyyətlərini olduğu kimi saxladığını və hətta bəzi sözlərin ikişəkilliyini də nəzərə aldığını bildirib.